Məlum olduğu kimi, Azərbaycan 19 sentyabr tarixində Qarabağ bölgəsində lokal antiterror əməliyyatına başladı. Sentyabrın 20-si isə separatçılar ağ bayraq qaldırdılar və təslim olmağa razı olduqlarını bildirdilər. Bu gün isə rəsmi Bakının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək. Erməni mənbələr rəsmi Bakının şərtlərindən birinin separatçıların keçmiş “rəhbərləri”nin, I və II Qarabağ müharibəsində ordumuza və mülki əhaliyə qarşı qəddarlıq etmiş şəxslərin təhvil verilməsi olduğunu yazır.
Bəs bu şərt yerinə yetiriləcəkmi? Separatçılar bağışlanılacaqmı, yoxsa cinayət məsuliyyətinə cəlb olunacaqlar?
Referans.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, separatçıların təslim olması cinayətkarların bağışlanması demək deyil. Bu şəxslər Azərbaycan qanunları qarşısında cavab verməlidirlər:
“Son antiterror əməliyyatı sepratizmin məhvinin ilkin mərhələsidir. Onların artıq ata biləcəyi addım yoxdur. Bu proses tədricən Xankəndi, Xocalı və Xocavənddə Azərbaycan hakimiyyətinin bərpasının başlanğıcıdır. Azərbaycan qanunlarına əsasən, cinayətkarlar cəzasız qalmamalıdır, cəzalarını çəkməlidirlər. Bu cinayətkarlar I və II Qarabağ müharibəsinin iştirakçıları, separatçı rejiminin nümayəndələridir. Meşəli qətliamının təşkilatçılarından birinin Laçın postunda həbs edilməsindən sonra bu şəxslər Qarabağdan çıxa bilmədilər, qorxdular. Ancaq onlar artıq əllərini-qollarını sallayıb gəzə bilməyəcəklər. Onlar illər ərzində suverenliyimizə qarşı təhdid yaradıblar. Bu məsələdə beynəlxalq hüquq da bizim tərəfimizdədir.
Bu proses bir az zaman ala bilər. Təbii ki, Azərbaycan erməni əhalisinə seçim şansı da verəcəkdir. Onlar burada Azərbaycan Respublikasının Konstitusiyası qanunları çərçivəsində yaşaya da bilər. Bəziləri Rusiya sülhməramlılarının köməyi ilə hansısa yolla qaça da bilərlər. Bu da istisna hal deyil. Hər bir halda orada qalan ermənilər olacaq. Onlar mütləq şəkildə cinayət məsuliyyətinə cəlb ediləcəklər və cəzalarını çəkəcəklər. Bunun başqa bir alternativi olmamalıdır”.