Bakıda məktəbli qıza söz atıb, onu məcburi avtomobilinə mindirmək istəyən şəxs həbs edilib.
Hadisə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 183 ünvanının yaxınlığında baş verib.
22 sentyabr 2023-cü il tarixdə saat 06:50 radələrində 1977-ci il təvəllüdlü Tahir Muxtarov (ad-soyad şərti) H.Əliyev prospekti, 183 ünvanının yaxınlığında idarə etdiyi avtomobillə hərəkətdə olarkən svetaforda dayanmış, yolun kənarı ilə gedən, sonradan adının Nuriyyə olduğunu bildiyi qızı görüb, ondan 12 nömrəli məktəbin yerini soruşub. Nuriyyə həmin məktəbin Qara Qarayevdə yerləşdiyini deyib. Tahir daha sonra onu çağıraraq, müxtəlif suallar verib, Nuriyyəni avtomobilinə mindirməyə cəhd edib.
Sürücü Rusiyadan gəldiyini, buraları tanımadığını, “Qara Qarayev” metrosu tərəfə getmək istədiyini deyəndə Nuriyyə yolu tanımadığını bildirib. Sonra sürücü “Koroğlu” metrosunu soruşanda isə Nuriyyə artıq metronu keçdiyini deyib. Bu zaman sürücü həmin metroya tərəf getmələri üçün təkid edib ki, qız avtomobilinə otursun. Nuriyyə bu hərəkətlərdən narahat olaraq həmin ərazidən uzaqlaşıb.
Məktəbli qız bu barədə atasına məlumat verib. Atası bu barədə DİN-in 102 xidmətinə və 23- cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Qızın verdiyi əlamətlərə uyğun olaraq Təhlükəsiz Şəhər Kameraları vasitəsi ilə avtomobil və onun sürücüsü müəyyən edilərək saxlanılıb, barəsində protokol tərtib edilərək, iş məhkəmə göndərilib.
Sürücü izahatında Nuriyədən yalnız yolu soruşduğunu deyib: “Öz qızım yadıma düşdüyünə görə tələsirsə onu getdiyi yerə öz avtomobilimlə apara biləcəyimi təklif etdim. Namaz qılan adamam, deyilənlər cəfəngiyyatdır, qızı narahat edəcək hərəkətlər etməmişəm”.
Məktəblinin atası ifadəsində deyib ki, təqsirləndirilən şəxs qızından yalnız yolu soruşduğunu bildirsə də, həmin ərazidə səhər vaxtı işə gedən, dayanacaqda dayanan çoxsaylı insanlar olur: “Həmin şəxs yolu mənim azyaşlı qızımdan deyil, həmin şəxslərdən yolu soruşmalı idi. Yolu soruşarkən isə israrla qızını avtomobilinə mindirməyə cəhd göstərib, bu hərəkətləri ilə qızın ciddi narahatçılığına səbəb olub. Hesab edirəm ki, həmin şəxs azyaşlıya qarşı xuliqanlıq hərəkətlərinə yol verib. Onun barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edirəm”.
Məhkəmənin qərarı ilə Tahir Muxtarov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunub./qaynarinfo