Bakıda pomidorun 1 kiloqramının 5-7 manata satılması ictimaiyyətdə ciddi və haqlı narazılıqlara səbəb olub.
Maraqlıdır, daxili istehsal olduğu halda bu tərəvəz niyə fantastik qiymətə satılır?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, buna bir neçə aspektdən baxmaq lazımdır:
“Çünki əks-arqument kimi deyə bilərlər ki, bəzi yerlərdə pomidor daha ucuzdur, baha pomidorların keyfiyyəti isə yüksəkdir. Amma doğrudan da payız-qış ayları hələ gəlməmiş yerli məhsulların qiymətlərinin artması təəssüf doğurur. Hər zaman yerli məhsullarımızın artmalı olduğunu, xaricdən asılı olmamağımız üçün qiymətlərin tənzimlənməsini təklif etmişik. Pomidor bazarı isə bunun əksini göstərir”.
N.Cəfərlinin sözlərinə görə, pomidorun baha satılmasının səbəblərindən biri də Rusiyaya ixracatın artmasıdır:
“Rusiya əvvəllər Azərbaycan pomidorunun ixracına problemlər yaradırdı, indi bunlar aradan qalxıb deyə, sahibkarlar da Rusiya bazarına üz tuturlar. Rusiya bazarı bahalı olduğu üçün istehsalçılar orada daha çox valyuta əldə etməyi düşünürlər. Çünki Rusiyada satılan tərəvəzlərin vəsaitini dollar və ya avroya çevirmək olur.
İkinci səbəb isə odur ki, yerli istehsalçıların problemi var. Böyük aqroholdinqlərin yaradılmasının müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də oldu. Kiçik istehsalçılar, əsasən də öz istixanası olan fermerlər rəqabətə davam gətirə bilmirlər. Çünki çəkdikləri xərc sonradan problemə çevirilir. Əksəriyyəti ötən ildən bu yana pomidor istixanalarının sayını azaldıblar. Bu da bazarda məhsulun azalmasına səbəb olur”.
N.Cəfərli deyib ki, iqtisadiyyatın qızıl qaydaları var – məhsul azalan kimi qiymət artır:
“Bu məsələyə bir neçə aspektdən yanaşılmalıdır. İndidən yaranan problemlərin həllində bir neçə istiqamətdə tədbir görülməsə, təəssüf ki, qış aylarında bundan da baha qiymətlərin şahidi olacağıq”.