​Qərbin Azərbaycanla bağlı PLANI BU İDİ - SENSASİON İFŞA

​Qərbin Azərbaycanla bağlı PLANI BU İDİ
16:09 04.10.2023
128 Siyasət
A- A+

Azərbaycanın bütün güclərin bölgə ilə bağlı plan və oyunlarını pozaraq, uğurlu antiterror tədbriləri nəticəsində tam suveren huqüqlarını bərpa etməsi, Ermənistandan daha çox onun qərbli havadarlarının yuxularına haram qatıb.  Azərbaycan uğurlu gedişi ilə ermənilərin bəzi qərbli havadarlarında çox ciddi psixoloji sarsıntı yaradıb. Psixoloji sarsıntının təsirindən ayıla bilməyən bu güclər “aqoniya” içində ölkəmizə qarşı beynəlxalq hüquqdan və dəyərlər sisteminə adekvat olmayan qərəz, kin dolu mövqelər sərgilməsinin şahidi olmaqdayıq. 30 ildən artıq müddətdə ermənilərin azərbaycanlılara qarşı işğalçılıq, soyqırımı, terror, hərbi cinayətlərinə, vandal hərəkətlərinə göz yuman və hətta onları növbəti cinayətlərə sövq edən Qərb yenə də ermənilərdən daha qatı erməniçilik mövqeyi sərgiləməkdədir.

Qeyd etmək lazımdır ki, heç ermənilərin özləri qərblilər qədər haray-həşir salmır. Əksinə, ermənilərin böyük bir qismi kimlərinsə əlində alət olaraq qonşuları ilə münaqişə həyatı yaşamaqdan yorulublar və onlar hər hansı vasitə ilə bu çirkin oyunların bitməsini istəyir. Ermənilər də başa düşür ki, xarici güclərin ermənilərə olan bu “sevgi”sinin arxasında hansısa xoş olmayan niyyət durur. Lakin buna baxmayaraq tarix boyu ermənilərdən türk və müsəlman dünyasına qarşı alət kimi istifadə edən avropalılar zor gücünə olsa belə, çirkin planlarını həyata keçirmək istəyir. 

Başda ABŞ, Fransa olmaqla bəzi güclər ermənilərin məğlubiyyətini heç cür həzm edə bilməməsinin bir səbəbi də ondan ibarətdir ki, Azərbaycanın qələbəsi həm də ermənilərin havadarları üzərindəki qələbəsi idi. 

Adıçəkilən güclər Rusiya əleyhinə olsa da, erməni məsələsində fikirlərini uzlaşdırıb eyni mövqedən çıxış edə bilirdilər, ta ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinədək. Dünənədək Rusiya ilə eyni mövqedən çıxış edən Qərb bu gün Kremli ermənilərə dəstək vermədiyinə görə hədəf seçib onları ermənilərə xəyanət etməkdə ittiham edirlər.  

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel “Euronews” telekanalına müsahibəsində Rusiyanı erməni xalqına xəyanət etməkdə suçlayıb. Mişel hesab edir ki, Rusiya erməni xalqına xəyanət etdiyindən onun ordusunun bölgədə qalması, sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verə bilməz. Daha uzağa gedən Şarl Mişel deyib: “Biz görürük ki, hərbi əməliyyatlar (yəni Azərbaycanın antiterror tədbriləri nəzərdə tutulur-red) orada hərbi mövcudluğu olmayan Avropa İttifaqından fərqli olaraq hadisə yerində olan Rusiyanın zərrə qədər reaksiyası olmadan başlayıb”.

Mişel bu açıqlaması ilə bir daha Qərbin necə riyakar, işğal faktlarına və münaqişələrə fərqli yanaşmasını, riyakarlıq və çoxüzlülüyünü açıq şəkildə ortaya qoyur. Necə olur ki, Ukraynada Qərb bütün dünyanı Rusiyanın işğalçılıq hərəkətlərinə son verməsi üçün bütün mümkün imkanlardan və vasitələrdən istifadə edir, amma Ermənistan-Azərbaycan münaqişəsində isə işğalçının mövqeyini dəstəkləyir. 

Avropa Şurasının rəhbəri belə bir açıqlama verməklə həm də açıq formada bəyan edir ki, onlar heç də Ermənistan-Azərbaycan münaqişəsinin həllində maraqlı deyillər. Şarl Mişel həzrətlərinin fikrincə, əgər orada hər hansı avropalı əsgər olsaydı, ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasəti davam edəcəkdi və işğala son qoyulması üçün hansısa təsirli tədbirlər görülməyəcəkdi. Mişel həzrətlərinin çıxışının davamında səsləndirdiyi “Azərbaycan xoş niyyət nümayiş etdirməli və beynəlxalq ictimaiyyəti vəziyyətin monitorinqinə cəlb etməlidir ki, Azərbaycanda yaşayan bütün əhalinin, o cümlədən erməni əhalisinin hüquqları və təhlükəsizliyi qorunsun” fikri dediklərimizin sübutudur. Təkcə ermənilərin təhlükəsizliyinə yoxa ha, Azərbaycanda yaşayan digər əhalinin də... Bu açıqlama, əslində, onların Azərbaycanda bundan sonra da hələ planlaşdırdıqları hansısa çirkin niyyətlər və məkrli planlardan xəbər verir.

ABŞ də ermənilərin Azərbaycanda təhlükəsizliyini təmin edilməsi ilə bağlı beynəlxalq mexanizmin yaradılmasında israrlıdır. Erməni havadarları bu niyyətlərini reallaşdırmaq üçün Bakıya təzyiqlər də edirlər. Bu isə birbaşa bir müstəqil dövlət kimi Azərbaycanın daxili işlərinə müdaxilə deməkdir. 

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Ağ Evin son vaxtlarda davamlı olaraq Ermənistanın suverenliyinə və müstəqilliyinə hörmət etdiklərini, təhdid olacağı təqdirdə dəstək verəcəklərini bir daha net şəkildə bəyan edib. Sual oluna bilər ki, Ermənistanın müstəqilliyinə və suverenliyinə təhdid yaradan kimdir? Əslində, Ermənistan başqa ölkələrin, xüsusən də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə  təhdid yaradan ölkədir. 10 noyabr 2020-ci il sülh bəyanatından 3 il keçməsinə baxmayaraq hələ də Azərbaycanın işğal altında olan anklavları geri qaytarılmayıb. 

Yox, əgər burada Azərbaycan nəzərdə tutulursa, yanılırlar. Azərbaycan Prezidenti bu günlərdə bir daha bəyan etdi ki, hər hansı ölkənin ərazisinə qarşı iddiası yoxdur. Əgər belə bir niyyəti olsaydı, o zaman antiterror tədbirləri 20 sentyabrda dayanmayıb davam etsəydi, hansı nəticələrə gətirib çıxaracağı hamıya bəllidir. 

DD sözçüsü BMT-nin nümayəndəsinin missiyanın səfərindən sonra Qarabağdakı vəziyyətlə bağlı bəyanatlarını yüksək qiymətləndirsə də, bəyan edir ki, bu, ABŞ-nin Qarabağda uzunmüddətli müstəqil beynəlxalq müşahidə missiyasının yaradılması ilə bağlı baxışını dəyişmir.  

İstər Ağ Evin, istər Brüsselin ermənlərlə bağlı belə bir mövqe sərgilməsi onu deməyə əsas verir ki, Qərb bütövlükdə Cənubi Qafqazda sülhün təmin edilməsində deyil, hələ bundan sonra uzun illər gərginliyin davam etməsində maraqlıdır. Qərb “odun üzərinə su tökmək” əvəzinə, onu hər hansısa formada körükləyib alovlandıraraq bu yolla bölgədə maraqlarını təmin etmək istəyir.

Bu eyni zamanda Qərbin öz maraqları naminə lazım gələndə ən müxtəlif vasitələrdən istifadə etməklə  beynəlxalq hüquqa, beynəlxalq dəyərlər sisteminə hayqırı nümayiş etdirib buna don geyindirməyin, riyakarlığın, çoxüzlülüyün nümayişidir.

Hesab edirəm, Azərbaycan necə ki, indiyədək bütün güclərin oyunlarını pozaraq öz oyunun qurub qalib olub bundan sonra da ölkəmizə qarşı məkrli oyunları pozub qalib olacaq! Soncuxlamaları isə özlərinə qalacaq. /olke.az