Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.
Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.
İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ilin aprelində isə Ulu Öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyıb.
Prezident cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısı Pakistanın ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu, Prezident cənab İlham Əliyevin 2024-cü il 11 iyulda Pakistana səfəri zamanı da özünü göstərdi. Səfər zamanı ölkəmizin başçısına göstərilən ən yüksək hörmət və ehtiram iki dövlət arasında olan sarsılmaz tarixi bağların ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qardaş Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin dəvəti ilə bu ölkəyə dövlət səfəri hər iki xalqın yaddaşına əbədi həkk olundu. Prezident cənab İlham Əliyevə və nümayəndə heyətinə dost, qardaş ölkədə göstərilən ən yüksək hörmət və ehtiram bunun bariz nümunəsidir. Ölkəmizin başçısı da öz növbəsində dost və qardaş Pakistanda olmaqdan şərəf duyduğunu, Azərbaycan-Pakistan qardaşlığının sarsılmaz olduğunu bildirdi.
Dövlət başçımızın İslamabadda möhtəşəm şəkildə qarşılanması, Pakistanın Baş naziri tərəfindən İlham Əliyev və Azərbaycan haqqında səsləndirilən xoş fikirlər hər birimizi qürurlandırdı. Sözügedən səfər iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verəcək. Xüsusilə də Azərbaycanla Pakistan arasındakı strateji əməkdaşlıq bundan sonra da sürətlə inkişaf edəcəkdir.
Azərbaycan və Pakistan arasında əməkdaşlıqda dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.
Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Prezident cənab İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və uzunmüddətli vədədə dərinləşməsini təmin edəcəkdir.
Akif RƏFİYEV
Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri