​KİV sahəsində aparılan islahatlar medianın inkişafına xidmət edir

​KİV sahəsində aparılan islahatlar medianın inkişafına xidmət edir
15:11 22.07.2024
1781 Siyasət
A- A+

Demokratik cəmiyyətin əsas atributlarından biri kimi mətbuat və söz azadlığının, fikir plüralizminin, çoxpartiyalı sistemin mövcudluğu zəruri sayılır. Jurnalistə məlumat toplamaqda, düşündüyünü yazmaqda və çap etməkdə heç bir maneə göstərilməməlidir. Şüurlu şəkildə, xalqın arzu və istəyi ilə demokratik inkişaf yolunu tutan Azərbaycanda bu prinsiplərə durmadan əməl edilir. Bunun üçün hələ ötən əsrin doxsanıncı illərində möhkəm qanunvericilik bazası yaradılıb, ulu öndər Heydər Əliyev tərəfindən mətbuata senzura nəzarəti ləğv edilib, qəzet təsisi və buraxılışı son dərəcə sadələşdirilib. Dövlətin azad sözə və mətbuata qayğısı bunlarla bitməyib. Mətbuatın müstəqilliyinə hörmətlə yanaşan Azərbaycan iqtidarı onun maddi durumunun möhkəmlənməsi, iqtisadi çətinlikləri dəf etməsi üçün ardıcıl addımlar atıb. Bu istiqamətdə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi ənənələr hazırda uğurla davam etdirilir... 

          Bu gün Azərbaycan əksər sahələrdə atdığı addımlarla regionda öz liderliyini qoruyub saxlayır. Həmçinin media sahəsində də Azərbaycan dövləti bir sıra ilklərə imza ataraq tarixə düşüb. KİV sahəsində aparılan islahatlar bütün hallarda medianın inkişafına xidmət edir. Bu gün bunun perspektivini görməyənlər öz dar düşüncələri ilə yersiz və əsasız ittihamlar irəli sürürlər. Faktiki olaraq media sahəsində həyata keçirilən layihələr inkişafı göz özünə gətirib. Hələ ki, Azərbaycan KİV-ə göstərdiyi diqqət və qayğıya görə bir çox ölkələrdən öndə dayanıb. Ayrıca Azərbaycan mətbuatı özünün milli dəyərlərini saxlayaraq yeni dövrün çağırışlarını daha tez əxz etdi. Bununla ölkə mediası qlobal informasiya məkanına gözləniləndən daha tez inteqrasiya etdi. 

Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyinin xətti ilə KİV-ə maliyyə yardımı ayırmaqla dövət bir növ öz milli mətbuatını qoruyub. Agentlik ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Mediaya bu cür yardımlar edilməsi çox uğurlu dəstək mexanizmidir. Bütün bunlar isə, eyni zamanda medianın azadlığının təmin olunmasına və jurnalistlərin peşəkar bacarıq və vərdişlərinin artırılmasına xidmət edir. Həmçinin siyasi görüşlərindən və mənsubiyyətindən asılı olmayaraq jurnalistlər üçün iki binanın tikilib istifadəyə verilməsi də məhz Azərbaycan jurnalistikasının, azad sözün ayaqda durmasına və mətbuat azadlığının inkişafına bariz şəkildə xidmət göstərmiş olur. Bu nəcib missiyanın davam etdirilməsi Azərbaycan mediasına və mətbuat azadlığına verilən yüksək qiymətdən xəbər verir. 

Göründüyü kimi, Azərbaycan Respublikasında söz və məlumat azadlığının, KİV-lərin maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər ardıcıl şəkildə davam etdirilir. Bütün bunlar isə bir daha Azərbaycanda fikir və söz azadlığının yüksək səviyyədə təzahürü və davamlı olması barədə nikbin düşünməyə əsaslı zəmin yaradır. 

 

Binəqədi RİH yanında İctimai Şuranın katibi, jurnalist Fuad Hüseynzadə