​Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir

​Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir
11:07 12.09.2024
2185 Siyasət
A- A+

Bakıda keçirilən COP29-a beynəlxalq ictimai dəstək üçün “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumu davam edir.

“Report” xəbər verir ki, forumda açılış nitqi ilə çıxış edən Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə bildirib ki, Gənclər Fondu Azərbaycan gəncləri yaşıl enerjiyə keçid istiqamətində fəaliyyətə təşviq edir.

“Azərbaycan neft ixrac edən ölkədir. Ancaq yaşıl enerjiyə keçid də ölkəmizin qarşısında qoyulan prioritet məsələlərdəndir. Gənclər Fondu olaraq biz də ölkəmizin gənclərinin bu istiqamətdə səylərini dəstəkləyir, onları bu istiqamətdə fəaliyyətə təşviq edirik”, - o, əlavə edib.

Daha sonra tədbirdə çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli isə ətraf-mühitin qorunması istiqamətində gördükləri işlərdən danışıb:

“Biz “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində biz layihələr qəbul edəcək və onları dəstəkləyəcəyik. Bizim bir müddət sonra “Şəbəkə” layihəmiz fəaliyyətə başlayacaq. Həmin layihə çərçivəsində də biz gənclər arasında ətraf-mühitin qorunması istiqamətində iş aparacağıq”.

VI çağırış Milli Məclis deputatı Sadiq Qurbanov isə forumda qeyd edib ki, Azərbaycan dünyada yeni enerji resurslarının istifadəsi nöqteyi-nəzərdən lider ölkədir.

“COP29-un Azərbaycanda keçirilməsi təsadüfi hal deyil. Azərbaycanın ədalətin bərpası yönündə yürütdüyü siyasət, eləcə də beynəlxalq ictimaiyyətə verdiyi töhfə COP29-un ölkəmizdə keçirilməsinə imkan yaratdı. Azərbaycan bu gün dünyanın ən qüdrətli ölkələri ilə müqayisə olunacaq səviyyədə bir ölkədir. Dünya COVID-19 problemi ilə üzləşərkən Azərbaycan 30-dan çox ölkənin vaksinləşməsi istiqamətində fəaliyyət yürütdü. Azərbaycan bəşəri dəyərlərə sadiq bir ölkədir”, - o, əlavə edib.

S.Qurbanov idarəetmədən də söz açıb. O bildirib ki, Azərbaycanda müasir dövrün tələblərinə cavab verən bir idarəetmə sistemi olması da COP29-un Bakıda keçirilməsinə töhfə verib:

“Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi, neokolonializmlə mübarizəsi onun beynəlxalq arenada daha rəğbət qazanmasına yol açdı. Azərbaycanın bəşəriyyəti xilas etməyə yönələn bir siyasəti var. Azərbaycan dünyada yeni enerji resurslarının istifadəsi nöqteyi-nəzərdən lider ölkədir”.

VI Çağırış Milli Məclis deputatı Zahid Oruc isə bildirib ki, COVID-19 pandemiyası qlobal savaşın bir hissəsi idi:

“Biz ətraf-mühit münasibətinə insanlararası münasibətlərdən başlamalıyıq. İnsanı münasibətləri nə qədər yaxşı qura bilsək, həmin yaxşı münasibətləri biz işimizə də daşıya biləcəyik. Dövlətlərarası münasibətlər də xalqlar, insanlararası münasibətlərdən təsirlənir”.

O, Azərbaycan ərazilərinin 30 illik Ermənistan işğalı dövründə üzləşdiyi ekoloji fəlakətdən də söz açıb:

“Topxana meşəsinin qırılması ilə bu proseslər başladı. Ermənilər ən böyük qəddarlığı xalqımızdan da çox, torpaqlarımıza etdilər. Ermənistanda insanlar özlərinin qədim tarixə malik olduğunu iddia edirlər. Bu iddialardan çıxış eədn insanlar isə kökə, torpağa hörmət etməyiblər. Bir milyon məcburi köçkünün yurduna bir milyon mina əkiblər”.

İslam Gənclər Forumu Avrasiya Regional Mərkəzi baş direktorunun müavini Ramin Həbibzadə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gördükləri və görəcəkləri işlərdən söz açıb:

“Avrasiya Regional Mərkəzi Avrasiya məkanında İslam ölkələri ilə çalışır, ancaq bununla məhdudlaşmır, digər ölkələrlə də əlaqələr yaradır. Biz hazırda əsasən “Məni Azərbaycanda göstər” layihəsi üzərində çalışır ki, onu həyata keçirək. Bu layihə çərçivəsində ekoinfluenserlər, ekoblogerləri ölkəyə gətirib, görülən işləri dünyaya onlar vasitəsilə çatdırmağı planlaşdırırıq”.

https://www.youtube.com/watch?app=desktop&v=iEKC07Bf7Ls&pp=ygUcYmV5bsmZbHhhbHEgZ8mZbmNsyZlyIGZvcnVtdQ%3D%3D