“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
SÜLH.İNFO xəbər verir ki, Apasport.az saytının əldə etdiyi məlumata görə, bir müddət əvvəl Ağdam klubunun maraq dairəsinə düşən 31 yaşlı forvardı bu dəfə “Zirə” heyətinə cəlb etmək niyyətindədir.
Paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqov 2016/17 mövsümünün birinci dövrəsində çiyin-çiyinə çıxış etdiyi sabiq komanda yoldaşını sərəncamında görmək istəyir. CAR millisinin üzvünün Türkiyənin “Kocaelispor” klubundakı uğurlu çıxışı hücumçu axtarışında olan gənc mütəxəssisin diqqətindən yayınmayıb. Sadıqov yayda TFF I liqa klubuna keçən Ndlovunun Bakıya dönməsini arzulayır.
“Zirə” onu qış fasiləsində heyətinə qatmağa çalışacaq. Ancaq “Kocaelispor” futbolçunu buraxmasa, bakılılar mövsümün sonunu gözləməli olacaq. Çünki Dinonun kocaelililərlə müqavilə müddəti gələn ilin yayına qədərdir. “Kocaelispor”un Super Liqaya vəsiqə qazanıb-qazanmaması da həmin vaxt oyunçunun qərarına ciddi şəkildə təsir göstərəcək.
Qeyd edək ki, “Kocaelispor” TFF I liqasında 8 turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşır. Dino Ndlovu isə cari mövsüm vurduğu 6 qolla bombardirlər yarışında ikincidir.