Bu həftə Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.
SÜLH.İNFO.az unikal.org-a istinadənxəbər verir ki, proses noyabrın 5-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində olacaq.
Cinayət işi hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyənləşib.
Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.