​Nazir müavini Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıqdan danışıb

​Nazir müavini Türkiyə ilə müdafiə sənayesi sahəsində
18:20 15.06.2022
139 Ölkə
A- A+

"Hərbi sahədə əməkdaşlığımızın vacib istiqamətlərindən biri də Azərbaycanın müdafiə qabiliyyətinin yüksəldilməsində Türkiyənin müdafiə sənayesi şirkətlərinin iştirakıdır. Türkiyənin müdafiə sənayesinin son illərdəki dünya miqyasındakı uğurları bizi sevindirməklə və qürurlandırmaqla yanaşı, Azərbaycan Ordusunun döyüş imkanlarının və qabiliyyətinin artırılmasında, regionun ən güclü ordusuna çevrilməsində mühüm əhəmiyyət kəsb edir"

SÜLH.İNFO.az-ın  xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

Onun sözlərinə görə, iki ölkənin müdafiə sənayesi sahəsində birgə fəaliyyətinin ən parlaq nümunələrindən biri isə “Teknofest"in Türkiyə xaricində ilk dəfə olaraq Azərbaycanda yüksək səviyyədə keçirilməsi idi: "Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq işğaldan azad edilən ərazilərimizin bərpası üzrə fəaliyyətlərdə də əməkdaşlığımız mövcuddur. Hazırda Türkiyə Silahlı Qüvvələrinin böyük bir istehkam qrupu Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində köməklik göstərir. Şuşa Bəyannaməsinin nəticəsi olaraq Azərbaycan-Türkiyə əlaqələri növbəti mərhələyə qədəm qoyub".