Ermənistan-Azərbaycan arasında post-münaqişə dövrünə aid olan bir sıra məsələlər var. Bura nəqliyyat, kommunikasiya xətlərinin açılması məsələsi də daxildir. Bu məsələ Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda yer alıb.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Report-a Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O xatırladıb ki, Azərbaycan-Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası keçirilməyib:
"Ümumilikdə bu, normal hal deyil. Dövlət sərhədlərinin müəyyənləşdirilməsinin sivil qaydaları var. Humanitar tipli məsələlər də var. Həmçinin xəritələrin təhvil verilməsi də yer alıb. Bu istiqamətdə bir çox təşəbbüslər də mövcuddur. Qonşu dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı təşəbbüslər irəli sürülür. Azərbaycan tərəfi heç vaxt danışıqlardan çəkinməyib. Danışıqlarla bağlı çağırışlara hər zaman cavab vermişik. Mövqeyimiz ədalətlidir. Beynəlxalq norma və prinsiplər əsasında biz hər zaman münasibətləri normallaşdırmağa hazırıq. Bunun üçün görüşlər keçirmək lazım olacaqsa, biz görüşlərə açığıq. Təbii ki, gələcəkdə belə görüşlərin keçirilməsi istisna deyil".