Tarix elmləri doktoru Aydın Balayevin “Fərqli və ziddiyyətli M.F.Axundov - əqidəli rusofil, İran aşiqi və azərbaycanlı kimliyinin təkanvericisi” kitabı nəşr edilib.
“JekoPrint” Çap Evi tərəfindən işıq üzü görən kitab Axundovun bu gün azərbaycanlılar və ya Azərbaycan türkləri adlandırdığımız toplumun milli kimliyinin formalaşması prosesindəki rolunun araşdırılmasına həsr edilib.
Bu, yaradıcılığını Azərbaycan tarixinin AXC dövrünə və azərbaycanlıların milli kimliyinə həsr etmiş alimin ömrünün son günlərində yazdığı, amma çap edə bilmədiyi 3 əsərindən sonuncusudur.
Kitabda həmçinin Mirzə Fətəli Axundovun fəaliyyəti fərqli yönlərdən araşdırılır.
Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O, 90-dək elmi əsərin müəllifidir. Alimin xarici dillərdə 25-dən çox əsəri dərc edilib.
Mənbə: Oxu.az