​Ətin qiyməti ilə bağlı əhaliyə VACİB XƏBƏR - Dekabr və yanvar ayında BU QİYMƏTƏ OLACAQ...

​Ətin qiyməti ilə bağlı əhaliyə VACİB XƏBƏR
13:42 15.11.2023
A- A+

Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən bəzi ərzaq məhsullarının qiyməti qalxıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daha çox qiymət artımı düyünün, mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, üzümün, pomidorun, xiyarın, bibərin, badımсanın, yerkökünün, çuğundurun qiymətində müşahidə olunub.

Bu məhsullarla yanaşı kartofun, sarımsağın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən manna və qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, naringinin, limonun, kivinin, almanın, kələmin, balqabağın, şəkər tozunun, qəhvənin qiymətlərində də artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bəs ət məhsullarının bahalaşması ətin qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Referans.az-a bildirib ki, bu il keçən ilə nisbətən ət daha yüksək tempdə bahalaşmağa başlayıb:

“Artıq ilin sonuna az qalıb, lakin il ərzində mal ətinin qiyməti təxminən 3-4 manat bahalaşıb. Bu da mal ətinin hardasa 30 faizə yaxın bahalaşması deməkdir. Bunun da bəzi səbəbləri var. Hazırda ətin qiymətində bahalaşma müşahidə olunsa da, bu mərhələni daha stabil mərhələ saymaq olar. Çünki qarşıdan qış gəlir, heyvandarlıq məhsullarının, yəni yem, ot və digər vasitələrin qiyməti qışa doğru bahalaşacaq. Ötən il də, bu il də ölkədə ot qıtlığı müşahidə olunub. Buna görə də otun qiyməti bahadır. Hazırda bir yonca presinin qiyməti 5 manatdan bahadır. Bu qiymət qış aylarında 6-7 manata və daha çox qiymətə qalxacaq. Buna görə də fermerlər əllərində olan heyvanların ətlik qismini bazara çıxarıb satmaq istəyirlər”.

Qurum rəsmisi bildirib ki, bu səbədəb hazırda bazarda olan bolluq ətin qiymətinin bahalaşmasını bir qədər ləngidir. Onun sözlərinə görə, dekabrın sonu yanvarın əvvəlindən başlayaraq ətin qiymətində daha yüksək tempdə bahlaşma müşahidə olunacaq: “Bunun səbəbi ət qıtlığıdır. Ölkədə kifayət qədər heyvan saxlanılmır. Bunun da səbəbi örüş yerlərinin məhdud olmasıdır. Nə qədər ki biz işğaldan azad edilmiş ərazilərdə heyvandarlıqla məşğul olan fermerlərə şərait yarada bilməyəcəyiksə, bu proses o qədər də davam edəcək”.

Bu il ətin qiymətinin qalxmasına təsir edən əsas səbələrdən biri də odur ki, yoncanın birinci biçini həşəratlar tərəfindən məhv edildi. Birinci biçin ümumi mövsüm ərzində biçilən otun 25 faizindən çoxunu verir. Yəni ən məhsuldar biçin olur – deyə Akif Nəsirli əlavə edib.

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, hazırda ət qiymətinin sürətlə artması üçün əlverişli bir şəraitin olduğunu demək olmaz:

“Əslində ciddi bir artımdan söhbət getmir. 0,3 faizlik bir bahalaşma baş verib. Biz zaman-zaman deyirik ki, ətin bahalaşması yemin bahlaşmasının zəncirvari ötürülməsidir. Yəni yem bu dəqiqə bahalaşan kimi ət dərhal bahalaşmır. Bir müddətdən sonra sahibkar məcburdur ki, həmin xərcləri məhsulun qiymətinə qoysun”.

İqtisadçı qeyd edib ki, yem məhsularında olan vəziyyət təxminən bir il bundan qabaqkı vəziyyətlə eynidir. Onun sözlərinə görə, qiymətlərin dəyişməsi müşahidə olunacaq, amma əhalini narahat sürətli qiymət artımı üçün hələlik ciddi bir əsas yoxdur.