​MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

​MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi
21:04 13.10.2025
A- A+

2025-ci il oktyabrın 10-da Prezident cənab İlham Əliyevin Tacikistan Respublikasının paytaxtı Düşənbəyə səfəri və burada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə regional əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməklə kifayətlənməyib, həm də Azərbaycan ilə Tacikistan arasında qardaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsini bir daha nümayiş etdirdi.

Düşənbədə keçirilən məhdud tərkibli iclasda Prezident cənab İlham Əliyevin çıxışı MDB məkanında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji məzmun daşıyırdı. Dövlət başçısı çıxışında Tacikistanın son illərdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək, bu nailiyyətlərin Prezident Emoməli Rəhmonun uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğuladı.

Prezident İlham Əliyev çıxışında iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini xüsusi qeyd etdi. Azərbaycan və Tacikistan xalqları qədim tarixi və mədəni bağlarla bir-birinə bağlıdır. Bu əlaqələr müasir dövrdə dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan çoxsaylı sazişlər və ortaq layihələr vasitəsilə daha da möhkəmlənir.

Azərbaycan tərəfi Tacikistanın paytaxtı Düşənbənin dinamik inkişafını, şəhərsalma sahəsində əldə etdiyi nailiyyətləri dost ölkə kimi böyük məmnuniyyətlə izlədiyini vurğulayır. Prezident cənab İlham Əliyev Düşənbənin ildən-ilə daha da gözəlləşməsini Tacikistan xalqının zəhmətsevərliyinin və dövlətin məqsədyönlü siyasətinin göstəricisi kimi dəyərləndirdi.

Prezident cənab İlham Əliyev çıxışında humanitar sahədə əməkdaşlığın MDB dövlətləri arasında münasibətlərin əsas sütunlarından biri olduğunu diqqətə çatdırdı. Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunması bu istiqamətdə mühüm hadisə kimi qeyd olundu.

Laçında keçirilən “MDB-nin Mədəniyyət Paytaxtı İli” tədbirlərinin açılış mərasimi təkcə Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirmədi, həm də işğaldan azad edilmiş ərazilərin qısa müddətdə necə dirçəlməsinin canlı sübutu oldu. Bir vaxtlar tamamilə dağıdılmış Laçın şəhəri artıq müasir, yaşamaq üçün əlverişli bir məkana çevrilib. Bu, Azərbaycanın bərpa və quruculuq siyasətinin real nəticəsidir və MDB məkanında da yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev bu münasibətlə MDB dövlət başçılarına Azərbaycanın namizədliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Laçının bu nüfuzlu statusu regionda mədəni əməkdaşlığın daha da dərinləşməsinə təkan vermişdir.

MDB məkanında keçirilən ən mühüm humanitar tədbirlərdən biri də 2025-ci ildə Azərbaycanda baş tutan III MDB Oyunları oldu. Prezident İlham Əliyev çıxışında bu tədbiri Birliyin həyatında xüsusi hadisə kimi qiymətləndirdi. 28 sentyabr – 8 oktyabr tarixlərində qədim Gəncə şəhərində — dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətənində keçirilən bu Oyunlar MDB məkanında idman, dostluq və qarşılıqlı hörmətin bayramına çevrildi. Yarışlara 13 ölkədən, o cümlədən MDB üzvləri və qonaq dövlətlərdən 1600-dən çox idmançı qatıldı. Oyunlar təkcə Gəncədə deyil, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki kimi digər şəhərlərdə də təşkil olundu.

Bu genişmiqyaslı tədbir Azərbaycanın beynəlxalq səviyyədə idman ölkəsi kimi nüfuzunu bir daha təsdiq etdi. MDB Oyunları eyni zamanda iştirakçı dövlətlər arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunu gücləndirdi.

Ölkə başçısı cənab İlham Əliyevin Düşənbə səfəri və MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlığın dərinləşməsində, beynəlxalq münasibətlərin inkişafında mühüm rol oynayır.

Səfər zamanı səsləndirilən fikirlər və irəli sürülən təşəbbüslər Azərbaycanın MDB məkanında humanitar, iqtisadi və siyasi əlaqələrin inkişafına verdiyi töhfələrin davamlı xarakter daşıdığını sübut edir. Cənab İlham Əliyevin çıxışı həm də sülh, qarşılıqlı hörmət və inkişaf prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelinin formalaşmasına çağırış idi.

Bu gün Azərbaycan və Tacikistan münasibətləri regionda sabitliyin, iqtisadi tərəqqinin və qarşılıqlı etimadın təmin olunmasında mühüm nümunə kimi çıxış edir. MDB platforması isə bu əlaqələrin daha geniş miqyasda inkişafı üçün əlverişli beynəlxalq mexanizm olaraq qalır.

Beləliklə, Düşənbə səfəri həm diplomatik, həm humanitar, həm də strateji baxımdan mühüm nəticələr doğurmuş, Azərbaycanın regional siyasətdə lider mövqeyini bir daha təsdiq etmişdir.

Kəmalə Abbasova, tarix müəllimi