​Azərbaycan və İtaliyanın siyasi əlaqələrinin zirvəsi

​Azərbaycan və İtaliyanın siyasi əlaqələrinin zirvəsi
10:18 03.10.2025
A- A+

Prezident İlham Əliyev: “Siyasi əlaqələr ən yüksək səviyyədədir”

 2025-ci il sentyabrın 30-da İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana etdiyi rəsmi səfər zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat, iki ölkə arasında mövcud olan strateji əməkdaşlığın nə qədər dərin və əhatəli olduğunu bir daha təsdiqlədi. Bu görüş həm də onu göstərdi ki, Azərbaycan və İtaliya münasibətləri yalnız diplomatik çərçivədə deyil, həm də iqtisadi, enerji və mədəniyyət sahələrində geniş vüsət alıb və gələcək üçün mühüm inkişaf perspektivlərinə malikdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana artıq ikinci dəfədir rəsmi səfər edir. Birinci səfər 7 il əvvəl baş tutmuşdu. Bu, sadəcə protokol səfərləri deyil – bu səfərlər iki ölkə arasında dərin strateji əməkdaşlığın təzahürüdür.

 Ən əlamətdar məqamlardan biri, ölkələr arasında iki strateji tərəfdaşlıq sənədinin imzalanmasıdır. 2015-ci ildə imzalanmış ilk sənəd və 2020-ci ildə imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-İtaliya münasibətlərinin hüquqi-siyasi əsaslarını formalaşdırıb. Bu sənədlər tərəflər arasında qarşılıqlı hörmət, suverenlik, bərabərlik və ortaq maraqlara əsaslanan münasibətlərin inkişafında əsas rol oynayıb.

 Azərbaycan və İtaliya liderləri arasındakı qarşılıqlı etimad və intensiv diplomatik təmaslar siyasi münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Prezident İlham Əliyev ötən il İtaliyada rəsmi səfərdə olarkən, Prezident Mattarellanı Azərbaycana yenidən dəvət etmiş və bu dəvət böyük məmnuniyyətlə qəbul olunmuşdur. Bu səfərlər, beynəlxalq gündəlikdəki bir çox məsələlərin müzakirəsinə, regional və qlobal miqyaslı təşəbbüslərin razılaşdırılmasına imkan yaradır. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə İtaliya daim dəstəkləyici mövqe nümayiş etdirib və Cənubi Qafqaz regionunda sabitliyin və inkişafın tərəfdarı olduğunu sübut edib.

 İtaliya bu gün Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu fakt təsadüfi deyil. İllər ərzində qarşılıqlı ticarət dövriyyəsinin artması və bu sahədə dinamik inkişaf iki ölkə iqtisadiyyatlarının bir-birini tamamladığını göstərir. Azərbaycan İtaliya üçün əsas enerji təchizatçılarından biridir. Neft və qaz ixracı, xüsusilə Cənub Qaz Dəhlizi və TAP (Trans-Adriatik Boru Kəməri) layihələri vasitəsilə, yalnız İtaliya üçün deyil, Avropanın digər ölkələri üçün də enerji təhlükəsizliyinə ciddi töhfə verir. Azərbaycan öz təbii ehtiyatlarını İtaliya bazarına çıxarmaqla həm enerji əməkdaşlığını möhkəmləndirib, həm də Avropanın enerji şaxələndirməsi strategiyasına real dəstək verib.

Bundan əlavə, sənaye, kənd təsərrüfatı, alternativ enerji, texnologiya və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də böyük potensial mövcuddur. Bir sıra italyan şirkətləri artıq Azərbaycanda fəaliyyət göstərir və bu iştirakın yaxın illərdə daha da artacağı gözlənilir.

 Enerji sahəsi Azərbaycan-İtaliya münasibətlərinin əsas dayaqlarından biridir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan artıq öz neft və qazını geniş həcmdə İtaliyaya ixrac edir. Bu isə Azərbaycanın Avropa üçün etibarlı enerji təchizatçısı statusunu gücləndirir. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Avropanın enerji asılılığını azaltmaq istədiyi bir zamanda Azərbaycan kimi sabit və etibarlı tərəfdaşın olması, xüsusilə İtaliya üçün həyati əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi Avropanın enerji təchizatı xəritəsində mühüm dəyişikliyə səbəb olub.

 İtaliya və Azərbaycan arasında mədəni əməkdaşlıq da xüsusi yer tutur. Müxtəlif illərdə Bakıda keçirilən İtaliya mədəniyyəti günləri, sərgilər, konsertlər və digər tədbirlər xalqlar arasında humanitar körpülərin qurulmasına xidmət edir. Təhsil və tələbə mübadiləsi sahəsində də əməkdaşlıq getdikcə genişlənir. Prezident İlham Əliyevin səsləndirdiyi bəyanat, Azərbaycan və İtaliya arasında təkcə siyasi və iqtisadi sahələrdə deyil, elm, təhsil və mədəniyyət sahələrində də möhkəm təməl üzərində qurulmuş əməkdaşlıq modelinin bariz nümunəsi oldu. Bu əməkdaşlığın ən son və parlaq nümunəsi isə İtaliya-Azərbaycan Universitetinin yaradılmasıdır. Bu ali təhsil ocağı iki ölkə arasında humanitar sahədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, İtaliya-Azərbaycan Universiteti yalnız bir təhsil müəssisəsi deyil — bu, iki ölkə arasında strateji humanitar əməkdaşlığın simvoludur. Universitetin yaradılması Azərbaycanın elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq prioritetlərini əks etdirir və İtaliyanın bu sahədəki təcrübəsinin Azərbaycanda tətbiqi üçün unikal imkanlar yaradır. Artıq yüzlərlə tələbənin bu universitetdə təhsil alması, layihənin ilk gündən nə qədər uğurlu başladığını göstərir. Gözlənilir ki, yaxın illərdə tələbə sayı daha da artacaq, həmçinin akademik heyət və tədris proqramları da genişləndiriləcək.

Prezident İlham Əliyevin bəyanatında vurğulanan əsas mesajlardan biri də budur: Azərbaycan-İtaliya əlaqələri sadəcə bu günlə məhdudlaşmır – bu münasibətlər gələcəyə yönəlib. Yeni texnologiyalar, yaşıl enerji, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq imkanları hələ tam istifadə olunmayıb. Hər iki ölkənin liderlərinin siyasi iradəsi bu potensialın reallaşdırılmasına zəmin yaradır.

İtaliya-Azərbaycan münasibətləri bu gün hərtərəfli strateji əməkdaşlıq səviyyəsinə çatmışdır. Bu əlaqələr yalnız iki ölkə üçün deyil, həm də regional və qlobal miqyasda sülhün, sabitliyin və inkişafın təmin olunmasına töhfə verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu münasibətlər zamanın sınağından çıxmış və özünü praktik əməkdaşlıqla təsdiqləmişdir. Bu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyi şübhəsizdir.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi