​"Yeni məktəblərin tikilməsinə ehtiyac var. Dövlət Proqramı qəbul olunarsa..." - Ekspertdən TƏKLİF

​
11:35 20.10.2022
466 Sosial
A- A+

Hazırda ölkə məktəbləri ilə bağlı yaranan əsas problemlərdən biri də siniflərdə şagird sıxlığı ilə bağlıdır. Şagird sıxlığı isə təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biridir. Siniflərdə şagird sıxlığının müşahidə olunması həm valideynlərin, həm də müəllimlərin narazılığına səbəb olur. Bu hal isə daha çox Bakı və Abşeron şəhərlərində qeydə alınır.

Mövzu ilə bağlı Sulh.info.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib ki, ölkədə şagird sıxlığı normalarının tənzimlənməsi üçün qərar qəbul edilsə də, hazırda ölkə məktəblərində bu problem müşahidə olunur:

“Ölkədə şagird sıxlığı normaları ilə bağlı Nazirlər Kabineti 22 iyun 2020-ci il tarixində 212 №-li qərarı ilə "Dövlət ümumtəhsil müəssiələrində siniflər üzrə şagird sıxlığı normaları"nı təsdiq edib. Bu qərar ilə ümumtəhsil məktəblərində şagird sıxlığı tənzimlənməlidir. Amma buna baxmayaraq, ölkə məktəblərində şagird sıxlığı müəyyən olunur. Hətta ən böyük problem Abşeron, Bakı məktəblərindədir. Ortalama 700-dən yuxarı məktəb təkcə Bakı, Abşeron və Sumqayıt şəhərlərinə düşür. 35, 45, hətta 50 şagirddən yuxarı olan siniflər var. Bu onu deməyə əsas verir ki, yeni məktəblərin tikilməsinə ehtiyac var. 2019-cu ildə ölkə prezidentinin sərəncamı ilə Bakı məktəblərində infrastrukturun yaxşılaşdırılması, yeni korpusların tikilməsi ilə üçün 47 milyon vəsait ayrılmışdır. Hazırki vəziyyətdə Abşeron, Bakı məktəblərində və digər yerlərdəki məktəblərdə təqribən ölkə üzrə 1000-dən yuxarı məktəbdə şagird sıxlığı qeydə alınıb”.

Ekspertin sözlərinə görə, bu ciddi məsələdir və problemi aradan qaldırmaq üçün yeni məktəblərin tikilməsinə ehtiyac var:

“Böyük şəhərlərdə qısa müddətdə ən azı 1000 məktəb tikilməlidir ki, bu tələbatı ödəmək mümkün olsun. Təbii ki, şagird sıxlığı normadan 2 dəfə çox olduqda istər tədris prosesinin təşkilində, istərsə də tərbiyə prosesinin təşkilində çox ciddi problemlər yaranır. Bizim hətta 6500, 5000 nəfərlik məktəblərimiz var. Hansı ki, bu şagirdləri 5 və ya 6 məktəbdə yerləşdirmək olar. Bu sahədə vəziyyət acınacaqlıdır. Dövlət yeni təhsil müəssisələrinin tikintisi, təmiri ilə bağlı mühüm işlər görür. Amma şəhər yerlərində məktəblər üçün nəzərdə tutulan ərazilərin böyük bir qismi ayrı-ayrı şəxslər tərəfindən zəbt edilib. Bu da yeni məktəblərin tikilməsi üçün ərazilərin olmamasına gətirib çıxarır. Bu məsələ çox ciddi məsələdir. Şagird sıxlığı ilə bağlı yaranmış bu vəziyyəti aradan qaldırmaq üçün bir Dövlət Proqramına ehtiyac var. Hesab edirəm ki, bu kimi halların aradan qaldırılması, təlim-tədris prosesinin tələblərə uyğun olaraq aparılması üçün yeni məktəblərin tikilməsinə ehtiyac var”.

Fidan Ali / Sulh.info.az