Ehtiyac yarandığı təqdirdə Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədindəki monitorinq missiyasının müddətinin uzadılması məsələsi müzakirə oluna bilər.
“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistan hökumətinin iclası zamanı Baş nazir Nikol Paşinyan deyib.
Paşinyan əlavə edib ki, monitorinq missiyasının işinin təşkil olunması üçün qrup artıq Ermənistandadır və yaxın zamanda 40 nəfərdən ibarət müşahidəçi qrupu 2 aylıq müddətə monitorinq aparmaq üçün gələcək.
Onun sözlərinə görə, Aİ monitorinq missiyasının müddətinin uzadılması və ya müddətsiz edilməsi təklifləri səsləndirilir.
“Missiyanın müddətinin uzadılması məsələsində özüm də əmin deyiləm, lakin ehtiyac olarsa, bu məsələnin müzakirə olunacağı istisna deyil”, - Paşinyan əlavə edib.