​"Ədəbi mühitdə qruplaşmaların olması yaxşı hal deyil" - Yazıçı İlahə Səfərzadə ilə MÜSAHİBƏ

​
11:30 15.08.2022
2331 Müsahibə
A- A+

Saytımızın qonağı tanınmış yazıçı İlahə Səfərzadədir.

Sulh.info.az həmin müsahibəni təqdim edir:

Yaradıcılığınız necə gedir, hazırda hansı işlər üzərində çalışırsınız?

Hal-hazırda hekayələr yazıram. Yeni kitab artıq hazırdı. Keçən yaydan bəri “Gerçəyin izində” adlı romanı yazıram. Demək olar ki, yazıb bitirmişəm, redaktədədir.

Bizə uşaqlıq illərinizdən danışardınız. Harada doğulmusunuz?

Uşaqlığım Oğuz rayonunda keçib. Çox maraqlı olub. Xatirələrim yadıma düşəndə fikirləşirəm ki, indiki uşaqların bizim dövrümüzdəki kimi maraqlı həyatı yoxdur. Mən bunu hər zaman oğluma da deyirəm. Çünki o vaxtlar internet, telefon olmadığı üçün biz daha çox uşaqlarla gerçək oyunlar oynamağa üstünlük verirdik. Mən düşünürəm ki, o zamanlar daha maraqlı idi. Amma indi uşaqlar daha çox telefonda tək oynaya biləcəyi oyunlar oynayıb, əyləncəyə ayırdıqları vaxtlarını daha çox telefonda keçirirlər.

Bəs indi rayonda yaşamaq istəyərdiniz?

İndi yox. Böyüyəndən sonra rayonda qalmağım alınmır. Çünki işlərim üçün şərait Bakıda daha çoxdur, rayonda azdır.

Ailəli olmaq sizin işinizə mane olmur ki? 

Xeyr. Həyat yoldaşım anlayışlı insandır, həmişə mənə dəstək olur. Çalışırıq ki, bir-birimizin işinə sayğı duyaq. 

Müsahibələriniz birində “qadın zərif və zəif olsa yaxşıdır” deyə fikrinizə rast gəldim. Sizcə qadın güclü ola bilməz?

Yox, zəif olduğu mənada deməmişəm. Əksinə, güclüdür. Hüquqi cəhətdən qadın və kişinin bərabər olmağının tərəfdarıyam, təbii ki. Amma elə məqamlar var ki, qadın kişi ilə bərabər ola bilmir. Mən demirəm ki, mütləq kişi və ya qadın üstün olmalıdır. Feminizmin kökünə enəndə bəzi situasiyalar var ki, mən onu özlüyümdə qəbul edə bilmirəm. Məsələn, mən qadına zəriflik yaraşdırıram. Hər hansı işlər var ki, onlarda kişi işləyəndə daha uyğun gəlir. Bütün situasiyalarda kişi və qadının bərabərliyini hər mövzuda qəbul edə bilmirəm. Yəni, əgər hər mənada bərabərliyə can atsalar, balans və təbiətin onlara bəxş etdiyi harmoniya pozula bilər.

Sosial şəbəkədə ədəbi mühit arasında daim müzakirələr gedir. Sizi bu müzakirələrdə aktiv görmürük, səbəb nədir? 

Mübahisələrdən həmişə uzaq qaçan biri olmuşam. Müzakirəyə qaldıqda isə, əgər məni də dəvət etsələr ki, fikirlərimi bildirim, qoşularam. Amma elə məqamlar var ki, mübahisə olanda sevmirəm. Çünki istənilən mövzuda mübahisənin sonu yoxdur. Yəni ki, uduzan, qalib gələn, məğlub olan tərəf yoxdur. Elə düşünürəm ki, həmişə mübahisə edənlərin hər iki tərəfi də məbluğdur. Əgər bir şey üçün mübahisə edirsənsə, artıq uduzmuş sayılırsan. Ona görə də çalışıram ki, heç kəslə heç nə üçün mübahisə etməyim.

Ədəbi mühitdən söz düşmüşkən, müasir qadın yazarlarımızdan sizcə ən uğurlusu kimlərdir? 

Təbii ki, bütün yazarları oxuyub bitirməyə vaxt olmur. Mümkün qədər müasir yazarları oxumağa çalışıram. Ən çox mütailə etdiyim Ruhiyyə Abbaszadədir. Demək olar ki, bütün hekayələrini oxumuşam. Hekayələri əxlaqi, tərbiyəvi cəhətdən mənim çox xoşuma gəlir. Bir çox yazarlar var ki, əsərlərində çox gözəl məqamları qeyd ediblər. Sadəcə müsahibələrdə ad çəkməyi sevmirəm, çünki o an unutmuş ola bilərəm. Amma qadın yazarlardan bəyəndiklərim var.

Ədəbi mühitdə mütəmadi olaraq görüşdüyünüz yazarlar var? 

Mənim çox az yaxın olduğum insanlar var. Ədəbi mühitdə görüşdüyüm insanlar azdır. Bir neçəsi var ki, dostluq əlaqələrimiz var, təbii ki.

Son illərdə yazılmış hansı romanı ədəbiyyatımızın ən yaxşı romanı adlandırmaq olar?

Mən bu mövzuda öz düşüncəmə görə fikir bildirmək istəmirəm. Buna tənqidçilər qərar verə bilər.

Ənənəvi mövzuda sizin də fikrinizi öyrənək. Sizcə, dünyaya niyə çıxa bilmirik? 

Düşünürəm ki, burada istedad əsas rol oynamır. Çünki dünyada məşhur olmuş yazarlara, ədəbiyyatlara nəzər salanda görürük ki, heç də onlardan geridə qalmırıq. Əksinə, daha parlaq istedadlara sahibik. Bir çox amillərin təsiri var. Ola bilsin ki, müasir dövrdə yəqin ki, buna maraq göstərən nəşriyyatlarımız da azdır.

Deyirlər son illərdə ədəbi mühitdə qruplaşmalar yaranıb. Bu mövzuya necə baxırsınız? 

Mən bu mövzuya yaxşı baxmıram. Ədəbi mühitdə baş verən qruplaşma heç də düzgün bir şey deyil. Əgər bir şirkət daxilində qruplaşma olarsa, bunu bəzən anlayışla qarşılaşmaq olar. Amma ədəbi mühitdə baş verən qruplaşmanın heç bir halda bir bəraəti yoxdur. Çünki bu ədəbiyyatdır, oxucuların şüuruna təsir edir. İnsanlar bunu oxuyaraq əxlaqi nəticələr çıxarırlar. Yaxşı bir iş kimi baxmıram, ədalətsizlik baş verir. Özüm də heç bir qruplaşma daxilində də deyiləm, nə vaxtsa olacağını da düşünmürəm.

Sizcə, yazıçı oxucu ilə ayaqlaşmalıdır? 

Xeyr, ayaqlaşmamalıdır. Əsl yazıçı oxucuya istiqamət göstərməlidir. Yazıçının mütailəsi və dünyagörüşü o qədər yüksək olmalıdır ki, toplumu öz arxasıyca apara bilsin.

Son dərc etdirdiyiniz kitabınızdan danışaq. İstədiyiniz reaksiyanı ala bildiniz? 

Hər bir yazıçı istəyər ki, daha çox oxunsun. Çox yaxşı nəticələr aldım, yaxşı fikirlər söylədilər. Bu mənə motivasiya oldu. Ən çox sevilən “Naməlum məktub” kitabım oldu.

Həyatınız barəsində kitab yazsa idiniz, həyatınızın hansı dönəmini yazardınız? 

Kitab yazdığım dönəmi yazmaq istəyərdim.

Yaxın zamanlarda imza günü, yeni kitab və s. olacaq? 

Yeni kitabım payızda çıxacaq, hələki redaktədədir. Görüşlər də ola bilsin ki, payızda olsun.

Son olaraq oxucularınıza nə demək istəyirsiniz? 

Bütün oxuculara demək istəyirəm ki, mütaliəyə çox önəm versinlər. Çünki mütaliyə hər şeydən öncə insanların özgüvənini artırır. Bu da insana hər cəhətdən təsir edir. Özgüvən insanlarda ən çox olması gərəkən psixoloji haldır.

Günay İbrahimova / Sulh.info.az