​"Hara tələsirik?" - KÖŞƏ

​
14:45 30.09.2022
1397 Köşə
A- A+

Yəqin ki, fikir vermisiniz. Cəmiyyət olaraq həmişə tələsirik. Səhərlər işə, axşamlar evə tələsirik...

Hə, bir də "yolayrıcında tələsənlər" var.

Bir hadisədən yazmaq istəyirəm. Düzü bu situasiya ilə demək olar ki, hər gün qarşılaşırıq. Deməli, işdən evə piyada qayıdıram. Yolda ətrafımda olan insanlara diqqət edirəm, hər kəs tələsir. Yuxarıda qeyd etdim axı, hər zaman tələsirik. Bir-birlərini əzsələr belə qarşılarındakı insanı ötməyə çalışırlar. Baxırsan ki, səni ötür, bir az aralanandan sonra normal şəkildə yoluna davam edir. Nə isə...

Təxminən 50-55 yaş aralığında bir xala mənimlə birgə hərəkət edirdi. Piyada keçidinə çatanda artıq qırmızı işığın yanmasına az qalmışdı. Xala dözmədi, hərəkətə başladı. Qırmızı işıq yandığı üçün də "yolayrıcında" durmaq məcburiyyətində qaldı. Sonra həmin xala yaşıl işıq yandıqda bizimlə birgə hərəkət etmiş oldu. Yəni bu tələskənliklə bir şey əldə etmiş olmadı. Qəribədir, belə hərəkət edib, yol ortasında gözləyəndə vaxtlarına qənaət edəcəklərini düşünürlər? Görəsən, həyatlarını riskə atdıqlarını düşünmürlər?

“Piyada keçidindən düzgün istifadə etməyən piyadanı maşın vurdu” – başlıqlı yazılarla demək olar ki, tez-tez rastlaşırıq. Düşünün, həmin gün, ya da qeyri bir gün həmin prosesin bir parçası olan sürücü də səbrsiz davranaraq hərəkət etsə, qəza baş verəcək. Sadəcə bir-iki dəqiqə üçün geriyə qalan ömrünüzdən olacaqsınız. Bu gün getmək arzusunda olduğunuz yerə tez çatasınız deyə tələsməklə, bəlkə də heç gedə bilməyəcəkiniz...

Səbrsiz davranıb, təhlükəyə atılan və həyatını itirən insanlar da az olmayıb axı...

Deyəsən, ölümə də tələsirik...

Fidan Ali