Müharibə deyəndə ağlınıza ilk nə gəlir?
Müəyyən bir mənafe güdən tərəflər arasında gedən mübarizə deyə bilərik məncə. Müxtəlif silahlar, texnikalar, güllə səsləri, yaxınlarını itirmək qorxusu, həyatları sadəcə həmin döyüş anına kimi davam edən əsgərlər, günahsız öldürülən sivil əhali.
Tarixə nəzər yetirdikdə böyük və kiçikmiqyaslı olmasından asılı olmayaraq xeyli müharibələrin olduğunu görürük. Nəticə isə bəzən uğurlu, bəzən uğursuz olur. Bu günə baxsaq yenə eyni proseslər davam edir. Necə ki, biz insanların gündəlik planı, rejimi olur ki, həyatını belə davam etdirəcək. Sanki dünyanın da bir rejimi var, müharibələr də onun bir parçası...
Neçə illər ərzində nə qədər müharibələr olub ki, tərəflər savaşıb. Bəlkə də sonunda sülhə gələ bilirlər, "Müqavilə" bağlanılır. Amma bəzən sülh də kar etmir.
Götürək, Azərbaycan-Ermənistan müharibəsini. Digər müharibələrdə olduğu kimi, yenə tərəflər, yenə ərazi iddiası, yenə ömürləri yarım qalan hərbi qulluqçular və sivil əhali. 30 ildir işğalda olan torpaqlarımızı qaytarmaq üçün mübarizə aparırdıq. Yeri gəldi savaş, yeri gəldi danışıqlarla. Təkcə son 44 günlük müharibəni nəzərdə tutmuram. Aprel döyüşləri, Tovuz döyüşləri və s.
Necə başlayır, necə bitir?
Bildiyimiz qədərinə baxaq. Media: "Ermənistan ordusu bu gün atəşkəs rejimini pozdu". Ermənilər üçün də əksi. "Ordumuzun "-" hərbi qulluqçusu atışma nəticəsində həlak oldu (yaralandı və s.)". "Azərbaycan-Ermənistan sərhəddində atəşkəs əldə olunub".
Neçə ildir, bu cümlələrin qeyd edildiyi informasiyalar alırıq. Deyək ki, danışıqlar masasında həll etmək mümkün olmadı, müharibə başladı. Yenə eyni gedişatla...
Bizdə də 44 günlük müharibənin sonunda "Bəyanat" imzalandı, həm də üçtərəfli...
Əhali nə qədər gənclərin ölümünə üzülsə də, işğalçı dövlət üzərində olan qələbəyə sevinirdilər. Elə-belə deyil, həqiqətən. "Noldu Paşinyan?" deyə bir şüarımız var idi ki, uşaqdan böyüyə hər kəsin dilində idi.
Sözüm onda deyil. Torpaqları qaytardıq, sevindik. Eşitdik ki, ermənilər yenə atəşkəsi pozub. Axı torpaqları qaytarmaqla, qələbə qazanmaqla qarşımızdakı düşmən dəyişmiş olmur. Bu gün də eyni qaydada davam edir. Atışma, danışıqlar masası, sülh müzakirəsi və s.
Uzun sözün qısası, "Zolaqlı pijamalı uşaq" əsərini oxumusunuz, ya da filmini izləmisiniz yəqin ki. Orada belə bir cümlə işlədilir:
"Bizim düşünmək kimi seçimimiz yoxdur. Bəzi insanlar bizim yerimizə bütün qərarları verir".
Fidan Ali