​Atabəylər dövründə "Bütöv Azərbaycan" ifadəsi var idi? - Tarixçi AÇIQLADI

​Atabəylər dövründə
15:08 01.12.2022
A- A+

Son günlər gündəmdə olan müzakirələrdən biri də AzTV-də yayımlanacaq "Atabəylər: Şəmsəddin Eldəniz" serialıdır. Belə ki, “Həmin dövrdə Azərbaycan var idi?” sualı geniş müzakirələrə səbəb olub. 

Sulh.info.az mövzu ilə bağlı tarixçi alim Faiq Ələkbərlinin fikirlərini öyrənib:

“Atabəylər: Şəmsəddin Eldəniz” serialı ilə bağlı müəyyən sualların yaranması təbiidir. Çünki istənilən tarixi serial özündə bütövlükdə həqiqəti əks etdirə bilməz. Yəni orada müəyyən bədii çalarların də olması qaçınılmazdır. Hər hansı bir formada gerçəklik tam şəkildə əksini tapmaya da bilər. Ancaq burada əsas məsələ Atabəylər dövləti ilə bağlı idi ki, o dövrdən müstəqil dövlətdən söhbət gedə bilməzdi. Sadəcə Böyük Səlcuqlu İmperiyasına bağlı Azərbaycan Atabəylər dövləti mövcud idi. Bildiyimiz kimi, Atabəylər dövlətinin yaranması məhz Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Şəmsəddin Eldəniz türk kökənli bir şəxsiyyət idi. Şəmsəddin Eldəniz Səlcuqlu hökmdarlarının yanında yer alaraq, təxminən 12-ci əsrin ortalarına yaxın Səlcuqlu imperiyasının tərkibində özlərinin Azərbaycan Atabəylər dövlətini yaratmışdı. Sonralar isə Qızıl Arslan, Məhəmməd Cahan Pəhləvan, Özbək xan kimi şəxsiyyətlər də bu dövlətin idarə olunmasına rəhbərlik etmişlər.

Yəni qeyd etdiyim kimi, tarixdə belə bir dövlət mövcud olmuşdur. Ancaq müstəqil deyil, Səlcuqlu İmperiyasının tərkibində yaranmışdır”.

Onun sözlərinə görə, həmin dövr üçün "Azərbaycan" sözünün işlədilməsi mümkün idi:

“Azərbaycan” sözünün işlədilməsi məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, o dövrdə də bu ad var idi. Düzdür, “Azərbaycan” sözü ilə bağlı müxtəlif fikirlər mövcuddur. Hesab edirəm ki, “Azərbaycan” adı daha çox məhz Oğuz ərlərin ölkəsi kimi qeyd edilməlidir. Çünki “Az”,“Ər”, yaxud da “Oğuz”, “Ər” ifadələri bizim ölkənin adı ilə bağlıdır.

Azərbaycan adlanan ölkənin bütününə sahib olmaq kimi ifadələri işlədə bilərik. Yəni o dövr üçün hər hansı bir hökmdar deyə bilərdi ki, biz Azərbaycanın tamamına sahib çıxmalıyıq. Bu mənada “Bütöv Azərbaycan” ifadələrin işlədilməsi mümkün idi”.

Fidan Ali / Sulh.info.az