Qurum ölkələri uşaqların immunizasiya olunması üçün tədbirləri gücləndirməyə çağırıb.
Bəs, Azərbaycanda vəziyyət necədir? Peyvəndlər vaxtlı-vaxtında vurulurmu?
Məsələ ilə bağlı həkim-pediatr Aytən İsmayılzadə Bakupost.az -a danışıb.
O bildirib ki, peyvəndsiz uşaqların olması bu xəstəliyin ölkəmizdə də yayılmasına səbəb olacaq:
“Hələ ki Azərbaycanda qızılcanın artması ilə bağlı bir hadisə yoxdur. Amma Avropada yoluxma artırsa, əlbəttə, bizə də gəlib çıxacaq. Bizdə də uşaqların peyvəndsiz olması bu halı kəskinləşdirəcək. Qızılcanın adından qorxub peyvənd etdirənlər var. Amma uşaqların əksəriyyəti peyvənddən yayınır. Peyvəndsizlərin hesabına peyvəndlilərin də yoluxması mümkündür. Epidemik yoluxucu xəstəliklər əksəriyyətin peyvəndli olduğu zaman gücsüzləşir. Çünki virus xəstələndirdikcə aktivləşir. Bu zaman peyvənd olunmuş insanın belə immun sistemi onun qarşısında aciz qalır”.
Həkim bildirib ki, qızılca pnevmoniya kimi sətəlcəm, görmə və eşitmənin zədələnməsi kimi hallara səbəb ola bilər:
"Güclü virusdur, tez ağırlaşmaya səbəb olur. Hazırda skarlatin xəstəliyi də yayılıb. O da fəsadlar baxımından geri qalmır. Təəssüf ki, onun peyvəndi yoxdur. Qızılca peyvəndi 2 dəfə - 1 yaş və 6 yaşda vurulur. 6 yaşda edilən peyvənd birincini möhkəmləndirmək üçündür. Bəzən sual olunur ki, uşağın 3 yaşı var, amma peyvənd vurdurmayıb, həmin peyvənd indi oluna bilər. Təbii ki, olar. Hətta 5 yaşda ilk peyvəndi vurdurub, 6 yaşda revaksinasiya etdirə bilərlər. Birinci peyvəndin üzərindən 1 il keçməsi də kifayətdir”.
A.İsmayılzadə peyvəndlə bağlı müraciətlərə baxmayan poliklinikalara nəzarəti vacib sayır:
“Bəzi hallarda valideyn hansısa səbəbdən uşağına həmin peyvəndi vurdurur. Daha sonra fikrindən daşınıb bunun üçün müraciət edə bilər. Amma bəzən poliklinikalar peyvənd üçün sonradan müraciət edənləri geri çevirir. Deyir ki, sənin uşağının yaşı keçib, biz 2 yaşına qədər uşaqları peyvənd edirik. Bu hallara nəzarət olunmalıdır. Hər uşağın adına ayırılmış peyvənd icra olunmalıdır”.