​Tiktokerlərin varlanma üsulu - Oğurlanmış kartlarla…

​Tiktokerlərin varlanma üsulu
12:26 21.06.2023
A- A+
İstanbulun 37 əyalətində “TikTok” əməliyyatı keçirilib.

İstanbul Kiber Cinayətlər Şöbə Müdirliyi qrupları “TikTok” vasitəsilə virtual pul alveri yolu ilə 1,2 milyard lirəlik ( təxminən 51 milyon dollar) çirkli pulların yuyulmasını aşkar edib. Əməliyyatda aralarında sosial media fenomenləri də daxil olmaqla 120 şübhəli saxlanılıb. Türkiyə Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, kredit kartı məlumatları şikayətçilərin xəbəri və razılığı olmadan bəzi şəxslər tərəfindən ələ keçirilib. Bu kartlarla “TikTok” adlı sosial media platformasında jetonlar (platformada istifadə olunan virtual pul) alınıb və fenomenlərə göndərilərək haqsız qazanc əldə edilib. 

Bu kontekstdə “İnformasiya sistemlərindən bank və ya kredit təşkilatlarının aləti kimi istifadə etməklə dələduzluq”, “bank və kredit kartlarından sui-istifadə”, “cinayət yolu ilə əldə edilmiş əmlakın sərvətlərinin leqallaşdırılması”, “cinayətin törədilməsi məqsədilə təşkilat yaratmaq” kimi cinayət əməllərini əhatə edən 4 mindən çox bank hesabı əməliyyatları arasında 1,2 milyard lirəlik nağd pul axınının olduğu müəyyən edilib.

İstanbul mərkəzli 37 əyalətdə 215 şübhəliyə qarşı eyni vaxtda keçirilən əməliyyatda 32 mənzil, 9 torpaq sahəsi, 6 iş yeri, 1 villa, 38 avtomobil, 14 şirkətin ortaqlıq payı, 1700  bank və kripto valyuta hesabı, 82 min lirə, 17 min 300 dollar, 6.650 avro, 2 sənədsiz tapança, 93 ədəd patron, bəzi narkotik maddələr və çox sayda rəqəmsal vəsait ələ keçirilib. Digər şübhəlilərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə Türkiyədə baş versə də, Azərbaycanda da kifayət qədər “TikTok”  istifadəçiləri var. Sözügedən proses isə bir sıra fenomenlərin varlanma üsullarından biri ola bilər. Bu baxımdan vətəndaşların çağırışlara aldanıb bank kartları vasitəsilə ödəniş etməməsi tövsiyə olunur./Sfera.az