Sosial şəbəkələrdə Azərbaycanda baş verən zəlzələ ilə bağlı “Google”un əvvəlcədən xəbərdarlıq etdiyi haqda məlumat yayılıb. Bir çox istifadəçilər ərazidə titrəyişlərin olacağı ilə bağlı bildirişlər aldıqlarını yazıb. Hətta bununla bağlı sosial media platformalarında proqnoz fotoları da yayılıb.
Texnobloqer Fərid Pərdəşünas sözügedən fotoların saxta olduğunu deyib. O, fikirlərini bu cür ifadə edib:
“”Google” (Android) belə imkana sahib deyil. Ümumiyyətlə zəlzələnin proqnozunu verən texnologiya yoxdur. Sadəcə olaraq, texnoloji imkanlar zəlzələdən saniyələr əvvəl yayılan P dalğalarını təyin edərək, bir neçə saniyə öncə xəbərdarlıq edə bilir”.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar bir sıra rayonlarda və Bakıda hiss edilib.