ÜST isə yenə xəbərdarlıq etdi; həkim: “Əgər təbii şəkildə yaranıbsa...”
COVID-19, çox güman ki, laboratoriya mənşəli deyil, təbiidir. Bunu “Financial Times” qəzetinə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş alimi Ceremi Farrar deyib.
“COVID-19-un təbii mənşəyi getdikcə daha çox ehtimal olunur”, - deyə bildirib. Bununla belə, hələ də koronavirusun mənşəyi ilə bağlı digər fərziyyələrin, o cümlədən Uxan Virusologiya İnstitutundan (Çin) biomaterialın sızması və şəhər bazarlarından heyvan əti vasitəsilə infeksiyanın ötürülməsi versiyasının da nəzərdən keçirildiyini qeyd edib.
COVID 19-un süni və ya təbii mənşəli olması patoloji (aqressivlik) baxımından, xəstəliyinin gedişatı baxımından hər hansı fərqlilik yarada bilərdimi? Yəni süni COVID daha təhlükəli ola bilərdi, yoxsa təbii mənşəli olanı?
Bu gün ÜST dünya üzrə yoluxmaların kəskin artdığı barədə xəbərdarlıq edib və qorunma vasitələrdən istifadəyə çağırıb. Yeri gəlmişkən, dünyada koronavirusun yeni alt variantları sürətlə yayılmağa başlayıb. İyulun 17-dən avqustun 13-dək koronavirusa 1,4 milyon yoluxma halı qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar artıq bəzi ölkələrdə peyvəndləmə və məcburi maska rejiminə keçid nəzərdə tutulub.
Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti Vasif Əliyev “Xəzər Xəbər”ə bildirib ki, koronavirusun yeni ştamları immunitetdən yayındığı üçün təhlükəli sayılır. Onun sözlərinə görə, hazırda qonşu ölkələrdə “Omicron” ştamının alt variantlarına yoluxma hallarına rast gəlinir. İnfeksionist bildirib ki, “EG.5"lə yanaşı, başqa daha bir təhlükəli variant da hazırda müşahidə edilməkdədir. Amma yoluxma halları artsa da, xəstəxanalara müraciətlərin sayı, hələ ki, qorxulu həddə deyil.
Vasif Əliyev əlavə edib ki, bu növlərin Azərbaycanda olması ilə bağlı rəsmi məlumat yoxdur. Amma qonşu ölkələrdə artıq aşkarlanıbsa, ölkəmizdə də gələcəkdə aşkarlanma ehtimalı istisna deyil.
Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev dedi ki, virusun süni, ya da təbii olmasını araşdırmaq asan məsələ deyil: “COVID-19 başlayandan sonra araşdırılma üçün bir neçə belə cəhd oldu. ÜST Çinə ekspertlər də yolladı. Onlar orada bir araşdırma apardılar. Bundan sonrakı cəhdlər uğursuz oldu. Araşdırma aparmaq mümkün olmadı. ÜST-ın qərarı belə idi ki, bu, süni şəkildə, laboratoriyada hazırlanmayıb. Amma bu araşdırmanın nəticəsinin nöqtəsı qoyulmadı. Yəni bu sual açıq qaldı. Çin laboratoriyada yoxlama aparılmasına icazə versə, o virusun yüz faiz süni ya da təbii olması ortaya çıxar. Əgər süni şəkildə hazırlanıbsa, bu, daha qorxulu ola bilər. Xüsusi şəkildə hazırlandığı üçün bunun patogenliyinin, virulentliyinin güclü olması mümkündür. Amma digər tərəfdən süni şəkildə yaradılıbsa, buna qarşı dərmanların, vaksinlərin hazırlanması çox rahat olmalı idi və sürətli şəkildə hazırlanmalı idi. Çünki virusun genom quruluşu filan məlumdur, çünki laboratoriyada hazırlanıb. Buna görə onun xüsusiyyətləri də məlum olur. Düzdür, COVID-19 vaksininin hazırlanması çox sürətli şəkildə aparıldı, bütün dünya buna səfərbər oldu. Onun hazırlanması bir il çəkdi. Amma bir il əslində peyvəndin hazırlanması üçün çox qısa müddətdir. Xüsusilə də yeni virusun peyvəndinin hazırlanması üçün.
Bu, süni şəkildə yaradıla bilərmi? Əlbəttə. Laboratoriya şəraitində hər şey mümkündür. Bu, hazırlanıb qəsdən də buraxıla bilər. Yaxud laboratoriya araşdırmaları zamanı qəza nəticəsində yayıla bilər. Amma bu ehtimalın olduğunu mən düşünmürəm. Təbii şəkildə də yarana bilər. Necə ki, bu günə qədər onlarla pandemiyalar olub, milyonlarla insan həyatını itirib. Müəyyən müddətdən bir, necə ki, pandemiyalar meydana çıxıb, indi də olması mümkündür. İndi əvvəlkilərlə müqayisədə pandemiyalar çox sürətlə inkişaf edir. Çünki dünya bir-birinə inteqrasiya olunmuş şəkildədir".
İnfeksionist deyir ki, virusun təbii şəkildə olma ehtimalı daha çoxdur: “Xüsusən də Çində yarasalarda olması bildirilirdi, yarasalar ən çox virus daşıyıcısıdır. Yarasalarda onlarla növ virus olur. Yarasalara virus təsir göstərmir. Çünki virus yarasanı xəstələndirmir, immun sistemləri güclüdür. O virus insana keçərsə, insanın xəstələnməsinə səbəb olur. Bizdə el arasında da yarasalardan xüsusi qorxu var. Bəlkə də bu ona bağlıdır. Çinlilər yarasaları yeyirlər. Düzdür, bişirib yedikləri üçün o viruslar ölür. O viruslar yeni, bizə tanış olmayan viruslardır. Yeyilmə prosesində də virusa yoluxma mümkündür”. /“Yeni Müsavat”