​ASALA hərəkətə keçdi: İrəvanda sinaqoq yandırıldı - Hədəfdə Paşinyandır?

​ASALA hərəkətə keçdi:
14:44 16.11.2023
228 Siyasət
A- A+
“Ermənistandakı son hadisələr fonunda ASALA-nın yenidən dirildiyini söyləmək, məncə, bir qədər tezdir. Çünki ASALA-nın indiki gücü ilə 70-80-ci illərdəki gücü çox fərqlidir”. 


 
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 


Siyasi təhlilçi ötən gün İrəvanda yerləşən sinaqoqun yandırılmasındən sonra ultramillətçi erməni təşkilatı olan ASALA-nın bu terror aktını üzərinə götürməsi faktından söz açıb. 


Analitikin sözlərinə görə, ASALA-nın əvvəlki gücünə qayıtması üçün onu 70-80-ci illərdə dəstəkləyib ortaya çıxaran və onları türk diplomatlarına qarşı terror hadisələrinə təhrik edən qüvvələrdən daha çox şey asılı olacaq:
 

“Yəni, əgər onlar bu işdə maraqlı olacaqlarsa, ASALA-nın təhdidi artacaq, təhlükəsi isə böyüyəcək. Yox, əgər məsələ başqa bir istiqamətə getsə, həmin dəstək verilməsə, onların potensial təhlükə yaradacağına inanmıram. Amma hazırda görünən ondan ibarətdir ki, bir çox Qərb ölkələri - hansı ki, vaxtilə ASALA-nın arxasında durmuşdular və erməni terrorizmini müdafiə edirdilər - indi də ASALA-dan istifadə edə bilərlər. Lakin, burada bir məsələ diqqəti çəkir ki, bu gün ASALA-dan hansı dövlətlər istifadə edə bilər? Fransa, yoxsa Rusiya bu qruplaşmaya təsir edə bilər? Nəzərə alsaq ki, ASALA bir müddət öncə Ermənistan hakimiyyətinə qarşı təhdid dolu mesajlar göndərmişdi, deməli, onlara gələn təlimatlar Qərb xəttindən daha çox başqa istiqamətlərdən daxil olub”. 


Mütəxəssisə görə, dünən İrəvanda baş verən hadisələr, eləcə də sinaqoqa qarşı törədilmiş vandalizm aktı bu məsələləri düşünmək üçün ciddi əsaslar verir:


“Heç təsadüfi deyil ki, Ermənistanın daxilində ASALA ilə bərabər bəzi terrorçu qruplaşmalar da fəaliyyətlərini gücləndiriblər və bunlar artıq müəyyən təhdidlər yaradır. Düşünmürəm ki, ASALA-nın əvvəlki imkanları geri qayıtsın. Çünki artıq dövr də ciddi şəkildə dəyişib. Lakin biz ASALA-nın bu kimi terror aktlarını diqqətdə saxlamalıyıq, bu proseslər diqqətli şəkildə izlənməlidir. Ona görə ki, onlar Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına və nümayəndəliklərinə qarşı hansısa bir addımlar planlaya bilərlər. Odur ki, bunların hamısı komplekt şəkildə nəzərə alınmalı və analiz edilməli, imkan olduqca da qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. 


Fikrimcə, ASALA-nın Ermənistan daxilindəki bu “fəallığı” sülh prosesinə ciddi şəkildə zərər vuracaq. Onsuz da sülh prosesini əngəlləməyə çalışan yetərli qüvvə və dövlətlər var ki, onlar da bu prosesdə ASALA-nın imkanlarından istifadə edə bilərlər”.