​Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

​Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
10:09 23.09.2024
1478 Qarabağ
A- A+

2024-cü il sentyabrın 20-də Xankəndidə Qarabağ Universitetinin açılışı müasir Azərbaycan tarixində, ölkəmizin təhsil sistemində mühüm hadisədir. Bu münasibətilə Prezident cənab İlham Əliyev Qarabağ Universitetində çıxışında olduqca vacib mesajlar verdi, mühüm məsələlərdən bəhs etdi. Ölkəmizin başçısı bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu tərəfindən Azərbaycanın dövlət suverenliyinin, konstitusiya quruluşunun bərqərar edildiyini vurğuladı.

Ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi Qələbədən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Münaqişədən sonrakı dövrün reallıqları kontekstində ölkənin beynəlxalq aləmdə mövqeyini və nüfuzunu gücləndirən ictimai-siyasi həyat mühüm dəyişikliklərlə, böyük nailiyyətlərlə müşayiət olunur. Geniş  tikinti-quruculuq meydanına çevrilən işğaldan azad olunmuş ərazilərdə özülü qoyulan, istismara verilən müəssisə və iaşə obyektlərinin sayı prosesin əzəmətindən, möhtəşəmliyindən xəbər verir.

Sentyabrın 20-də - Dövlət Suverenliyi Günündə qalib liderin Xankəndidə Qarabağ Universitetinin açılışını etməsi və burada təhsil alacaq tələbələrlə görüşü təkcə sıradan bir təhsil müəssisəsi açılışı deyil, qürurverici tarixi hadisə oldu. Hərbi cəbhədən qalib kimi ayrılaraq zəfər tarixi yazmış Müzəffər Komandan bu dəfə ideoloji cəbhənin əsgərləri önündə tövsiyələr verir, onlara uğurlar arzulayır, qalibiyyət yolumuzdan danışırdı.

Çünki vaxtilə separatizm yuvasına çevrilmiş, 20 sentyabr antiterror əməliyyatından sonra yenidən sahibinə qayıdan Xankəndidə Qarabağ Universitetinin yaradılması və qısa müddət ərzində tədris ilinin başlanmasının təşkili hər bir azərbaycanlını qürurlandırır. Qarabağ Universitetinin açılışının məhz 20 sentyabrda gerçəkləşməsi təsadüfi deyil. Çünki tarixin bu günündə Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz birgünlük lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyünü tam bərpa edib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu, artıq şanlı tariximizdir və Qarabağ Universitetinin yaradılması tarixi hadisədir.

Qarabağ Azərbaycan xalqının tarixinə böyük mütəfəkkirləri, ədibləri, ədəbiyyatşünasları, filosofları, yazıçıları və digər tanınmış şəxsləri ilə töhfələr verib. Bu baxımdan Qarabağ Universitetinin yaradılması ilə bu ənənələrimiz yenidən bərpa ediləcək. Yenidən dağıdılmış, Ermənistan tərəfindən az qala məhv edilmiş irsimiz çiçəklənəcək. Biz həm də ölkə rəhbərliyi, Prezident cənab İlham Əliyev tərəfindən Qarabağda infrastrukturun bərpası, kəndlər, qəsəbələr və şəhərlərin tikilməsi, yenidən qurulması ilə yanaşı intellektual potensialımızın bərpa məsələsinə də xüsusi diqqət yetirildiyinin şahidi oluruq. Bərpa və quruculuq təkcə gözəl binaların, gözəl infrastruktur sisteminin, yolların, körpülərin, tunellərin tikilməsindən ibarət deyil. Eyni zamanda biz insan kapitalımızın əvvəl mövcud olan potensialının yenidən bərpasını hədəfləyirik və bunu həyata keçiririk.

Ən böyük vəzifə isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsidir. Axı bizə zəfərimizi qazandıran məhz bu tərbiyə idi. Bəli, güclü olmaq, vətənpərvər amallara köklənmək son dərəcə vacibdir və bu köklə­nişdə tarix amili müstəsna əhəmiyyətə malik­dir. Nəzərə alaq ki, tariximiz, eyni zamanda, ibrət mənbəyimizdir.

Prezident İlham Əliyevin də bildirdiyi kimi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bütün bu amillər isə Azərbaycan Ordusunda, arxa cəbhədə olan yüksək mənəvi-psixoloji hazırlığın, vətən sevgisinin bariz nümunəsidir. Mənəvi üstünlük, milli düşüncə olmasa, ən güclü ordu belə qələbə qazana bilməz. Dünya hərb tarixində olan faktlar da bunu təsdiq edir. Ona görə də, Azərbaycan xalqı haqlı olaraq öz qəhrəmanları ilə fəxr edir. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror tədbirləri müasir Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Dövlət başçısının da qeyd etdiyi kimi “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq. Azərbaycan xalqının bütün çətinliklərə baxmayaraq öz tarixi torpaqlarına qayıtmaqla bağlı heç vaxt ümidi itirməmişdi və bir gün tarixi ədalətin zəfər çalacağına əmin idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, konstitusiya quruluşu bütün ölkə ərazisində bərqərar edildi. Ölkə başçısı da vurğuladı ki, “Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır”. Təəsüf ki, işğal dövründə ölkəmizə qarşı təzyiqlər, ikili standartlarla yanaşma olduğu reallıq Ermənistanın işğal faktına belə hansısa don geyindirmək cəhdləri var idi. İkili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik heç vaxt yaddan çıxmayacaq. Sözsüz ki, formalaşmaqda olan gənc nəsil öz tarixində sahib çıxmalı və gələcəyini məhz bu prinsiplər üzərində qurmalıdır. Burada tərbiyə, mənəvi-psixiloji amillər mühüm önəm kəsb edir. Azərbaycanda ailə dəyərləri hər aman üstün tutulur. Bu dəyərlərin bundan sonra da hər zaman yüksək tutulacağına tam əminik. II Qarabağ müharibəsində gənclərimizin göstərmiş olduğu yüksək vətənpərlik nümunəsi bunun bariz nümunəsidir.

XX əsrin əvvəlində xalqımıza qarşı növbəti düşmənçilik addımlarının atıldığını, 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradıldığını, bu vilayətin tabeçiliyinin Sovet İttifaqının mərkəzinə bağlandığını, beləliklə, bölgəni Azərbaycandan ayırmaq üçün əsasın yaradıldığını bildirən Prezident İlham Əliyev, həmçinin Vətənimizi parçalamaq üçün “saat bombası” məntiqi ilə davranıldığını, kütləvi erməniləşmə siyasətinin aparıldığını diqqətə çatdırdı: “Ancaq Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra burada bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı – Sərsəng, Suqovuşan su anbarları. Hansılar ki, ermənilər işğal dövründə bizi sudan da məhrum etmişdilər. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgələrdən, o cümlədən Qarabağ bölgəsindən gəldilər.

O da məlumdur ki, Ulu öndər 1987-ci ildə istefaya göndəriləndən dərhal sonra erməni millətçilərinin Qarabağ avantürası başladı. Sonra yaşananlar da hər kəsə yaxşı məlumdur. Torpaqlarımızın işğalı fonunda daxildə baş verən hərc-mərcilik dövlətçiliyimiz üçün tənəzzül təhlükəsi yaşatmışdı ki, məhz belə bir məqamda Heydər Əliyev şəxsiyyətinin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə rəhbərliyə gəlməsi mənfi meyilləri sıradan çıxardı və əvvəldə vurğuladığımız kimi, Qarabağ məsələ­si milli dava halına gəldi. Hesab edirik ki, gənc nəsil bütün bunları unutmamalı və mövcud məqamları, o cümlədən dövlətçilik ideyasını özünün təhsil əzminin prioritetinə çevirməlidir.

Qətiyyətlə deyə bilərik ki, Prezident cənab İlham Əliyevin Qarabağ Universitetindəki çıxışı bu prioritetin təntənəli manifesti idi.

Fərhad Möhbalıyev,

Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru, professor