​Tamam Cəfərova: "Azərbaycan Gürcüstan üçün çox mühüm strateji əhəmiyyətli dost dövlətdir"

​Tamam Cəfərova:
11:59 19.01.2025
126 Siyasət
A- A+

Yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə rəsmi səfəri ölkələrimiz arasında tarixdən gələn münasibətlərin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazirin ilk səfərini ölkəmizə etməsi Gürcüstanla münasibətlərin xüsusi xarakterindən və mahiyyətindən xəbər verir. Yəni, Azərbaycan Gürcüstan üçün çox mühüm strateji əhəmiyyətli dost dövlətdir. Səfər çərçivəsində görüş keçirən Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze çox vacib məqamlara toxundular. Prezident İlham Əliyev baş nazirlə görüşündə qeyd etdi ki, gürcü xalqı keçirilən seçkidə öz gələcəyini, milli dəyərlərinə hörmətini, irsini, təhlükəsizliyini və inkişafını qorumağı seçdi. İrakli Kobaxidzenin də Azərbaycan Prezidentinin Cənubi Qafqazda, həmçinin dünyada çəkisi olan lider kimi qəbul olunduğunu vurğulaması İlham Əliyevin apardığı daxili və xarici siyasətdən xəbər verir. O vurğuladı ki, “siz regionda fərqli bir lidersiniz və bizim üçün də nümunəsiniz”. Bununla qonşu ölkənin baş naziri Cənubi Qafqaz regionunun liderinin dövlət başçımız olduğunu etiraf etdi.

Bunu saytımıza açıqlamasında millət vəkili Tamam Cəfərova saytımıza açıqlamasında bildirib.

Deputat vurğulayıb ki, Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Bu gün hər iki xalq bir çox sahələr üzrə uğurla əməkdaşlıq edir. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinin təhlilində və ona yeni əlavələrin edilməsində əhəmiyyətli rol oynayır. Qeyd etmək lazımdır ki, iki ölkənin birgə həyata keçirdiyi nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətli olduğunu qeyd edib. O deyib: “Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.” Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib.