Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bəhruz Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
SÜLH.İNFO.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə B.Mehrəliyev 9 müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il iyulun 12-də Bakının Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü B.Mehrəliyev ilə tanışı, 1990-cı il təvəllüdlü Elnar Qədimov arasında mübahisə düşüb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib və yeniyetmə üzərində gəzdirdiyi bıçaqla E.Qədimova xəsarət yetirib.
Hadisə nəticəsində E.Qədimov yerindəcə ölüb.
Məlumata görə, hadisə B.Mehrəliyevin əmisinin vəfatının ildönümü münasibətilə keçirilən yas mərasimində qeydə alınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
B.Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.