İsrail parlamentinin - Knessetin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Yelena Bardaç Yalov Milli Məclisin deputatı, İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoli Rafailovun ünvanına 8 noyabr – Zəfər günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.
SÜLH.İNFO.az xəbər verir ki, məktubda İsrail və Azərbaycan arasında son 30 il ərzində qurulmuş və xalqlarımız arasında olan səmimi dostluğa asaslanan möhkəm münasibətlərin vacibliyi vurğulanıb.
Yelena Bardaç Yalov İsrail Knessetinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun yeni seçilmiş rəhbəri olaraq qeyd edib ki, hər iki ölkənin qanunvericilik orqanları arasında mövcud olan əlaqələrin dərinləşməsi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
“Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbəsinin bir ili tamam olur. Bu müharibədə Azərbaycan 30 il ərzində Ermənistan tərəfindən işğal edilmiş əzəli torpaqlarını azad edərək, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib”, - Yalov bildirib.
Yelena Bardiç Yalov bu tarixi Zəfər münasibəti ilə səmimi təbriklərini çatdırmaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycan xalqına davamlı əmin-amanlıq, sabitlik və firavanlıq arzularını çatdırıb.