​Türkiyə və Azərbaycan deputatları görüşdü

​Türkiyə və Azərbaycan deputatları
19:15 11.11.2021
261 Siyasət
A- A+

Noyabrın 11-də Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Türkiyə Böyük Millət Məclisində Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Bu barədə SÜLH.İNFO.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bildirib ki, ötən payız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatı nəticəsində Ermənistanın 30 illik işğalına son qoyuldu, torpaqlarımız azad olundu. O çətin günlərdə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə Cümhuriyyəti və xalqı daim Azərbaycanın yanında oldu, ölkəmizə və xalqımıza mənəvi-siyasi dəstək verdi.

Görüşdə Azərbaycana münasibətdə “bir millət, iki dövlət” məntiqi ilə hərəkət etdiklərini bildirən nümayəndə heyətinin başçısı, TBMM-də Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən iftixar duyduqlarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Nəsib Məhəməliyev, Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı dostluq və əməkdaşlığa dair fikirlərini bölüşüblər.

Sonra Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Yaşar Tüzün, Aylin Cesur, Orhan Erdem, Yılmaz Tunç, Tülay Kaynarca və Yunus Kılıç çıxış edərək Azərbaycanda baş verənləri, xüsusilə 44 günlük Vətən müharibəsinin hər anını həyəcanla izlədiklərini, Zəfərin sevincini hələ də yaşadıqlarını bildiriblər.