​Bu şəxslərin maaşları artırıla bilər - Nazir

​Bu şəxslərin maaşları artırıla
12:45 12.11.2021
A- A+

Azad edilmiş ərazilərdə xidmət edən hüquq-mühafizə əməkdaşlarının maaşlarının artırılması nəzərdə tutulur.

SÜLH.İNFO.az-ın  məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın həyata keçirilməsini prioritetlər sırasına daxil edib. Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri sürətli şəkildə həyata keçirilir.

S.Şərifov əlavə edib ki, büdcə layihəsində müdafiə və təhlükəsizlik sahəsi üzrə ayrılan xərclər prioritet xərclər kimi təsnif edilib.

“İşğaldan azad edilmiş ərazilərdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqqılarının artırılması da nəzərdə tutulur. Müdafiə xərclərinin sırasında hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması məsələləri də yer alır”, - deyə S.Şərifov əlavə edib.