Füzuli Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Natiq Şükürovla birlikdə ittiham olunan poliklinika şöbəsinin müdiri Şəfa Şükürovun baş həkimlə qohum olduğu məlum olub.
SÜLH.İNFO.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Natiq Şükürovla birlikdə cinayət işi məhkəməyə göndərilən Şəfa Şükürov keçmiş baş həkimin qardaşı oğludur. Ona Cinayət Məcəlləsinin 32.5, 313 (vəzifə saxtakarlığına köməklik etmə) maddələri ilə ittiham elan edilib. Ş.Şükürova barəsində cinayətin törədilməsində iştirakçılıq etdiyi üçün istintaq başlanılıb.
Şükürovların Füzuli rayon səhiyyəsindəki yeri bununla məhdudlaşmır. Belə ki, Füzuli Rayon Diaqnostika Mərkəzinin direktoru Şaiq Şükürov da Şəfa Şükürovun qardaşıdır. O, bu vəzifəyədək Horadiz Şəhər Xəstəxanasında baş həkim vəzifəsini icra edib.
Natiq Şükürov bu ilin mayında TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlının əmri ilə vəzifəsindən azad olunub. N.Şükürov tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etmədiyinə, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etmədiyinə və tabeliyində olan işçilərin fəaliyyətini lazımi qaydada təşkil və nəzarət etmədiyinə görə işinə xitam verilib.
N.Şükürovdan sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş həkimin vəzifələrini onun müavini Aygün Nağıyeva icra edib. Maraqlıdır ki, ötən günlərdə A.Nağıyeva da işdən azad edilib. Xəstəxanadan saytımıza bildirilib ki, 4 noyabr 2021-ci ildə A.Nağıyeva ilə bağlanmış müqavilənın vaxtı bitib, yenidən müqavilə imzalanmayıb.
Qeyd edək ki, istintaq zamanı Natiq Şükürov tərəfindən dəymiş 23 min 400 manat ziyanın tam ödənilməsi təmin edilib.
***
Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Bu barədə SÜLH.İNFO.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla Natiq Şükürovun qeyd olunan vəzifədə işləməklə Həkim-Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2018-2019-cu illərdə əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət etmiş 15 şəxsi sözügedən Komissiyada müayinədən keçirməməsinə, bununla belə onların təqaüd ala bilmələri üçün əsas olan xəstəlik barədə qəsdən təhrif edilmiş məlumatları özündə əks etdirən elektron göndərişləri qanunsuz olaraq özündə saxladığı elektron imzalar vasitəsilə təsdiq edib aidiyyəti qurumlara göndərərək həmin şəxslərə əlillik dərəcələrinin təyin edilməsinə və bununla da cəmi 23 min 400 manat məbləğdə pul vəsaitinin həmin şəxslərin bank kartı hesablarına köçürülməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı Natiq Şükürovun törətdiyi cinayət əməllərinin ifşa olunmasından yayınmaq üçün rəhbərlik etdiyi xəstəxananın poliklinika şöbəsinin müdiri, eyni zamanda həkim-məsləhət komissiyasının üzvü olan Şəfa Şükürov ilə cinayətkar əlaqəyə girərək, müvafiq göndərişlərlə bağlı aparılan sənədləşdirmənin guya qanuni olması görüntüsü yaratmaq məqsədilə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qanunsuz olaraq həmin sənədləri xəstəxananın möhürü ilə təsdiq edib təkrarən vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Natiq Şükürova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313 (vəzifə saxtakarlığı), Şəfa Şükürova isə həmin Məcəllənin 32.5, 313 (vəzifə saxtakarlığına köməklik etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
İstintaq zamanı dəymiş ziyanın tam ödənilməsi təmin edilmişdir.