2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun artımı İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən beş faizi üstələyəcək.
SÜLH.İNFO.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, büdcə layihəsi çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı, iş yerlərinin artırılmasına dövlət investisiyaları 2,8 milyard manat təşkil edəcək, bu isə 2021-ci il üzrə analoji göstəricini 850 milyon manat üstələyəcək.
"Dövlət büdcəsi layihəsi sosial layilərin maliyyələşdirilməsinin, minimal əməkhaqqının, pensiyaların və digər sosial ödəmələrin artırılmasını nəzərdə tutur. Bu addımlar qlobal ərzaq və neft qiymətlərinin, bir sıra tariflərin artımının neytrallaşdırlmasına yönəlib", - deyə nazir bildirib.
Nazir əlavə edib ki, bu ilin 10 ayı ərzində Azərbaycanın ÜDM-in artımı 4,9 faiz, nəqliyyat sektorunda isə altı faiz təşkil edib.
"2021-ci ilin yanvar-oktyabr aylarında neft məhsullarının ixracı 42 faiz artıb. Bu, bütün vaxt ərzində ən yüksək göstərici hesab olunur. 2021-ci ildə biz Azərbaycan iqtisadiyyatına qeyri-neft ixracından 2,4 milyrad manatın daxil olmasını gözləyirik. Sənaye istehsalı sahəsində ixrac olunan məhsulun məbləği 320,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisini iki dəfə üstələyir", - deyə M.Cabbarov vurğulayıb.