İmişlidə atalığı tərəfindən zorlanan və sığınacağa yerləşdirilən 11 yaşlı qızın son durumu açıqlanıb.
SÜLH.İNFO.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Report-a açıqlamasında yeniyetmənin vəziyyəti ilə bağlı məsələlərin təmsil etdiyi qurumun nəzarətində olduğunu deyib.
O bildirib ki, yeniyetmənin vəziyyəti yaxşıdır:
Onun sözlərinə görə, Dövlət Komitəsinin əməkdaşları mütəmadi olaraq qızın vəziyyəti ilə maraqlanırlar:
"O, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müəssisəsindədir. Psixoloji durumu yaxşıdır, tibbi heyət onun səhhətini daimi nəzarətdə saxlayır. Artıq qız fərdi terapiyadan qrup terapiyasına keçib. Bu da onun vəziyyətinin yaxşı olduğunun göstəricisidir. Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçirilir. Burada onun sosial, psixoloji və digər təlabatları qarşılanır. Uşağın sosial reabilitasiyası müvafiq dövlət qrumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir. Eyni zamanda qardaşı da onunla birlikdə həftədə 3 dəfə məktəb proqramlarına, kurslara cəlb olunub".
Xatırladaq ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.
11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi. Körpə xəstəxanada ölüb.
Qız, anası və qardaşı Sosial Xidmətlər Agentliyinin müəssisə və sığınacağına yerləşdiriliblər.