​15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi veriləcək

​15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına
09:29 19.11.2021
224 Toplum
A- A+

Artıq 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına da fərdi identifikasiya kartı deyil, şəxsiyyət vəsiqəsi veriləcək.

SÜLH.İNFO.az xəbər verir ki, bununla əlaqədar "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun ləğv edilir, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna müvafiq dəyişiklik edilir.

Başqa sözlə, 2022-ci il yanvarın 1-dən qüvvəyə minməli olan "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna əsasən, 15 yaşı yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində onun şəxsiyyətini təsdiq edən sənəd olmalı idi. Ancaq bu qanun ləğv edilir. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir.

Layihəyə əsasən, 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı olanadək etibarlı olacaq.

Qanun layihələri bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.