​Prokurorluq Mingəçevirdəki qətllə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

​Prokurorluq Mingəçevirdəki qətllə bağlı
10:20 19.11.2021
274 Hadisə
A- A+

Noyabrın 18-də Orxan Kərimovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mingəçevir Şəhər prokurorluğundan SÜLH.İNFO.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Dünən Mingəçevir şəhərində məktəblini güllələyən şəxs saxlanılıb.
 
SÜLH.İNFO.az xəbər verir ki, DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, noyabrın 18-i axşam saat 20 radələrində Mingəçevir şəhərinin "Yeni Həyat" yaşayış massivində Ağdam rayon sakini, əvvəllər 3 dəfə məhkum olunmuş Əlvan Qasımov tapançadan 3 dəfə atəş açaraq Xocalı rayon sakini Orxan Kərimovu qətlə yetirib.
 
Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qasımov tutulub. Onun üzərindən cinayəti törətdiyi "Makarov" tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
 
Əlvan Qasımov istintaqa təhvil verilib.
 
***
 
Mingəçevirdə qətl hadisəsi baş verib.
 
SÜLH.İNFO.az “Unikal”a istinadən xəbər verir ki, hadisə “Energetiklər” yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı “Yeni həyat” qəsəbəsində qeydə alınıb.
 
Ərazidə olan parkda iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib.
 
Belə ki, əvvəllər məhkum olunmuş Ağdam rayonu Abdalgülablı kənd sakini Qasımov Əlixan Nuxa oğlu odlu silahdan qəsəbənin digər sakini Ağdam rayonu 24 saylı orta məktəbin şagirdi Kərimov Orxan Tofiq oğluna atəş açıb.
 
O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Ə. Qasımov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri hələki məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.