“Bu gün vətəndaşları ən çox narahat edən təhsil, sağlamlıq və məşğulluq məsələləridir. Əslində bu problemlərin həlli uzunmüddətli dövrə söykənir. Düşünürəm ki, biz bu gün yeni nəsilləri təhsil vasitəsilə düzgün yetişdirsək, onları sağlam həyat tərzinə istiqamətləndirsək, qeyd etdiyim bu problemlər növbəti illərdə müəyyən qədər öz həllini tapar”.
SÜLH.İNFO.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentdə büdcə müzakirələrində çıxışında bildirib.
O qeyd edib ki, əgər bu gün gənclər fiziki aktiv deyillərsə, həyətlərdə idman meydançaları azlıq təşkil edirsə, o, zaman kütləvi sağlam həyat tərzindən danışmaq mümkün deyil: “Məhz bu səbəbdən təhsil, idman və gənclər sahəsi diqqət mərkəzində saxlanmalı və bu sahələrə maliyyə dəstəyi daha da artırılmalıdır.
Bu gün sevindirici haldır ki, orta və ali təhsil müəssisələrimizdə tədris üçün gərəkli olan bütün müasir texnologiya avadanlıqları əlçatandır. Amma unutmamalıyıq ki, elm və texnologiya sürətlə dəyişir və inkişaf edir. Bu dəyişikliklərə uyğunlaşmaq və yeni avadanlıqların davamlı təczihatı üçün Təhsil Nazirliyinə xüsusi vəsait ayrılmalıdır. Bildiyiniz kimi artıq əksər ictimai nəqliyyat vasitələrinda ödəniş nağdsız-kart sisteminə keçirilir. Təklif edirəm ki, bu fürsətdən istifadə edərək ictimai nəqliyyatdan istifadə zamanı tələbə və şagirdlər, müəllimlərə müəyyən güzəştlər tətbiq edilsin. Hətta şəhid ailələri və qazilər üçün də ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər tətbiq edilməsi sevindirici hal olar”.