“Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin “Yeddi gözəl” poeması İspaniyada işıq üzü görüb.
SÜLH.İNFO.az xəbər verir ki, ilk dəfə Madriddə 2000-ci ildə işıq üzü görmüş kitab Nizami Gəncəvini İspaniyanın oxucu auditoriyasına “fars şairi” kimi təqdim edən Ön sözlə nəşr olunmuşdu. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin müəllifinin dahi Azərbaycan şairi olduğunu təsdiqləyən elmi dəlillər və faktlar yeni nəşrə daxil edilib.
Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabı tanınmış ispan mütərcimi Karmen Linares tərcümə edib, Ön sözünün müəllifi görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru ispan filoloqu Fransisko Kapilla Martindir.
Orijinal illüstrasiyalarla nəfis tərtibatda nəşr edilmiş kitabın yaxın günlərdə Madridin mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat mərasimlərində elmi-ədəbi ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.