​“Qadınlar öz hüquqları uğrunda mübarizə aparmasa, durumu dəyişə bilmərik”

​“Qadınlar öz hüquqları uğrunda mübarizə aparmasa,
18:45 25.11.2021
226 Toplum
A- A+

Sevinc Fədai: “Dövlət dəstəyi və qeyri-hökumət təşkilatlarının təşəbbüs və təşkilatçılığı ilə ölkədə qadın sığınacaqlarının sayı artırılmalıdır”.

Zorakılığın ən müxtəlif təzahürləri müasir cəmiyyətin əsas problemidir. Onun qurbanları isə ən çox qadınlar olur. Müasir dövrdə daha qlobal xarakter daşıyan bu problemin qabardılması üçün 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü elan edib və həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaqdır.

Bununla bağlı Xeber365.com-a danışan AY Partiya Başqanının sosial, ailə və uşaq məsələləri üzrə müavini Sevinc Fədai bildirir ki, qadın zorakılığı qlobal pandemiya olmaqda davam edir. Qadınlara qarşı məişət zorakılığı dünyanın hər yerində yayılaraq, təhsildən və maddi təminatdan asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrində baş verir:

“Bu gün qlobal səviyyədə sosioloqların apardığı araşdırmaların statistik nəticəsinə görə, dünyada hər 3 qadından biri fiziki, psixoloji və mənəvi şiddətə məruz qalır. İnsanlığın, bəşəriyyətin özünün ən ali inkişaf səviyyəsinə çatdığı, bərabərlik və humanizm prinsiplərinin ön planda olduğu bir dövrdə belə bir statistika, əlbəttə ki, insanlıq adına olduqca utancverici bir haldır.
 
Azərbaycanda isə rəsmi statistik məlumatlar onu göstərir ki, 2019-cu ildə ən azı 1,038 qadın məişət zorakılığının qurbanı olub. 2020-ci ilin mart-sentyabr aylarında isə qadınlara qarşı 679 cinayət faktı qeydə alınıb. Bu rəqəmlər hər birimizi düşündürməli və narahat etməlidir”.

Sevinc Fədai qeyd edir ki, hər il istər müvafiq dövlət qurumları, istərsə də QHT-lər və İctimai birliklər tərəfindən yüzlərlə maarifləndirmə tədbirləri keçirilib, insanlar arasında dialoq və anlaşmanın təməl prinsipləri izah edilsə də, cəmiyyətdə şiddət və zorakılıq hallarına tez-tez rast gəlinir. Təbii ki, yaşadığımız cəmiyyətdə qanunların aliliyi prinsipi, məhkəmə-hüquq sisteminin ədalətli təşkili sayəsində hər hansı bir formada şiddətə məruz qalmış insanın, o cümlədən qadının hüquqlarının bərpasını təmin etmək mümkündür. Düşünürəm ki, bunun üçün qadın, ilk növbədə, yaşadığı şiddət formasının fərqinə varmalıdır. Onu aradan qaldırmaq, öz hüquq və haqlarının bərpası və təmin edilməsi üçün də hüquqi yollara baş vurmalı, şiddətin növünə görə məhkəməyə və ya həmin problemin həllinə məsul olan dövlət qurumuna müraciət etməlidir”.

Sevinc Fədai hesab edir ki, xüsusilə dövlətin məişət zorakılığının qarşısının alınmasına maraq göstərməsi, sosial islahatlar həyata keçirməsi önəmlidir: “Məişət zorakılığının ailədaxili, şəxsi məsələ olduğu düşünülməməlidir və nəhayət, dövlət baş verən bu kimi zorakılıq hadisələrində məsuliyyət hiss etməli, məsələyə müdaxilə etməlidir. Məsələn, əgər zorakılıq qurbanı olan qadın polisin zorakılığı dayandıracağına və ya zorakı şəxsin törətdiyi əməllərə görə layiqincə cəzasını alacağına ümid edərək polisə şikayətə gəlibsə, polis onu şikayət etmək haqqından yayındırırsa, onu yenidən həyati təhlükəsi olan evə yola salırsa, bu, artıq qanunların işləmə mexanizimində problemin olması deməkdir. Məişət zəminində baş verən qətllərə belə gətirib çıxarır. Buna görə də dövlət bilavasitə hüquq mühafizə sisteminin işinin yaxşılaşdırılması, onların məişət zorakılığı və onun qarşısının alınmasındakı rolları haqqında təlimatlandırmalıdır.
 
Məişət zorakılığında zərərçəkmiş şəxslərə dəstək üçün lazımi sosial işin təşkili üzrə dövlət səviyyəsində tapşırıqlar olmalıdır. Dövlət dəstəyi və qeyri-hökumət təşkilatlarının təşəbbüs və təşkilatçılığı ilə ölkədə qadın sığınacaqlarının sayı artırılmalıdır. Qeyri-hökümət təşkilatları, sığınacaqlar, hüquq-mühafizə orqanları, psixoloji və hüquqi mərkəzlər bu məsələ ilə bağlı əlaqədə olmalıdır. Bu bütövlüyü və əməkdaşlığı təmin edəcək proqramların yaradılmasında və onların icrasına nəzarətdə dövlətin iştirakı və ya bunun üçün şərait yaratması problemin həllinə kömək etmiş olardı”.

Partiya funksionerinin sözlərinə görə, həmçinin, mentalitet adı altında təhlükəli ənənələrin cəmiyyətimizdə kök salmasının qarşısını almalıyıq: “Bəzi kişilər qadına əl qaldırarkən insan haqlarını pozduqları barədə düşünmürlər. Bu belə olsa belə, cəmiyyət olaraq bu zorakılığın ailə dəyərlərini qorumaq adı altında sığortalamaq, bu kimi halların həyat tərzinə çevrilməsinə şərait yaratmaq qəbuledilməzdir. Ən əsası, qadınlar öz hüquqları uğrunda mübarizə aparmasalar, biz bu durumu dəyişə bilmərik. Bu kimi problemlərin öhdəsindən gəlmək üçün gücə sahib olmaq lazımdır. Gücü də bizə təhsilimiz, intellektimiz, dünyagörüşümüz, sağlam ətrafımız, işimiz və maddiyyatımız qazandırır. Bu mənada problemin həlli, iqtisadi keçim meyarları ödənilmiş və mənəvi cəhətdən yetkinləşmiş sivil cəmiyyətin yaradılmasından keçir, bunu da ancaq vətəndaş hüquqlarının əsas götürüldüyü sivil və hüquqi dövlət mexanizmi yarada bilər”.