​Paşayeva xalq rəssamına sərgidə sürpriz etdi

​Paşayeva xalq rəssamına sərgidə
18:59 26.11.2021
A- A+

Milli Məclisin Mədəniyyət Komitəsinin, Mədəniyyət Nazirliyinin, Rəssamlar İttifaqının və Bakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı, “Nəfəs” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin dəstəyi ilə xalq rəssamı Arif Hüseynovun Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş "Azərbaycan aşıq sənəti" adlı bədii sərgisi keçirilib.

SÜLH.İNFO.az  xəbər verir ki, sərgidə xalq rəssamı Arif Hüseynovun mövzuya uyğun miniatür əsərləri sərgilənib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə geniş çıxış edib. O öz çıxışında sərgi haqqında məlumat verib, bir sıra məsələlərə toxunub. Komitə sədri bu il 200 illiyi keçirilən Dədə Ələsgərin – ustadlar ustadı Aşıq Ələsgərin illərdir erməni işğalında qalan məzarından da danışıb. O deyib ki, işğal edilən torpaqlarımızda ermənilər vandallıq törədib: "Təəssüf ki, Aşıq Ələsgərin məzarı da erməni vandallığının qurbanı olub.

Aşıq Ələsgərin varlığı Azərbaycan mədəniyyəti tarixi üçün önəmlidir. Onun yaradıcılığının qorunub təbliğ edilməsi dövlət mədəniyyət siyasətimizin bir hissəsidir.

Bildiyiniz kimi, cənab Prezidentin təşəbbüsü və müvafiq sərəncamı ilə Tovuzdakı Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Muzeyi yenidən qurulub. Bugünkü sərgidə nümayiş olunan əsərlərin birini mən həmin muzey üçün alıb, bağışlayacam. Bilirəm ki, buradakı dostlarımız da həm həmin muzey üçün, həm öz evləri, iş yerləri, yaxud başqa muzeylər üçün buradan əsərlər alacaq. Buna görə də hər birinizə təşəkkür edirəm. Bu satış-sərgi sənətimizə, sənətkarlarımıza ümumxalq məhəbbətinin daha bir örnəyidir.

Çıxışımın sonunda, xalq rəssamımız Arif Hüseynova bir sürprizimizi açıqlamaq istərdim. Ustad sazbənd, rəhmətlik Xudu Mahmudovun oğlu, atasının yolunu davam və inkişaf etdirən Fərman Xuduoğlu bugün bizim dəvətimizlə buradadır. O, aşıq sənətinə bu qədər mükəmməl əsər həsr etmiş xalq rəssamımıza saz bağışlayacaq.

Ustadların ruhu şad olsun, yaşayan bütün sənətkarlarımıza möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!”

Sazbənz Fərman Xuduoğlu özü düzəltdiyi sazda bir xalq havası ifa etdikdən sonra sazı Arif Hüseynova bağışlayıb.

Qeyd edək ki, sərgidə 20 əsər nümayiş olunub. Əsərlərin hamısı tədbirdə iştirak edənlər tərəfindən satın alınıb. Bildirilib ki, alınan əsərlər Tovuzdakı Aşıq Muzeyinə, Masallı tarix-diyarşünaslıq muzeyinə, Kəlbəcərdə yenidən qurulacaq tarix-diyarşünaslıq muzeyinə, habelə TÜRKSOY-a və başqa mədəniyyət ocaqlarına hədiyyə olunacaq.