Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.
SÜLH.İNFO.az-ın məlumatına görə, açılış oyununda 11 xalla 5-ci pillədə yer alan "Sabah" və 10 xalla 7-ci sırada qərarlaşan "Keşlə" komandaları üz-üzə gələcəklər. Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq matçı Rəşad Əhmədov idarə edəcək.
İki kollektiv indiyədək ölkə çempionatında 11 dəfə qarşılaşıb. Bu görüşlərin 1-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb. 5 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti də Sənan Qurbanovun baş məşqçi olduğu komandanın xeyrinədir - 14:6. "Keşlə” son 10 oyunda məğlub olmayıb. “Sabah” evdə qalib gəlməyib.
Günün ikinci oyununda "Neftçi" və "Səbail" münasibətlərinə aydınlıq gətirəcək. "Bakcell Arena"dakı görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq. Ardıcıl 3 turdur məğlub olan flaqman hazırda 17 xalla turnir cədvəlinin 4-cü pilləsində gedir. 9 xalı olan "dənizçilər" isə sonuncu - 8-cidir.
Komandalar bunadək Premyer Liqada 16 dəfə rəqib olublar. “Neftçi” bu oyunlarda 11 qələbə qazandığı halda, "Səbail" cəmi 2 dəfə meydanı 3 xalla tərk edib. 3 qarşılaşmada heç-heçə qeydə alınıb. Meydan sahiblərinin vurduğu 37 qola qonaqlar 11 topla cavab veriblər. “Neftçi” ardıcıl 5 qələbə qazanıb. Son 4 matçın hərəsində 4 qol vurulub.
Azərbaycan Premyer Liqası
XII tur
27 noyabr (şənbə)
15:00. “Sabah” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bank Respublika Arena".
18:15. “Neftçi” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.
Qeyd edək ki, turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.