Sumqayıt şəhərində 1986-cı il təvəllüdlü Cəlil ailə mübahisəsi zəminində həyat yoldaşı Validəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
SÜLH.İNFO.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 2-də Sumqayıt şəhəri, 12-ci mikrorayon baş verib.
Cəlil həmin gün saat 16.00-da yaşadığı evdə Validə ilə ailə məişət münasibətləri zəminində mübahisə edib. Mübahisə zamanı o, arvadını yumruq zərbələri ilə vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Cəlilin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ilin noyabrın 16-da Validə ilə ailə qurub: “Ailə qurmağımıza baxmayaraq aramızda rəsmi nigah bağlanılmayıb. Birgə yaşadığımız müddətdə bir oğlan övladımız dünyaya gəlib. Birgə yaşadığımız müddətdə aramızda mübahisələr olsa da, dava-dalaşa çevrilməyib”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin iyunun 1-də Validə onunla yaşamaq istəmədiyini bildirib və birgə yaşadıqları ünvandan çıxaraq öz anasının yaşadığı ünvana gedib: “Buna baxmayaraq daimi onun yanına gedib, uşağımla görüşmüşəm. Sentyabrın 2-də, saat 15.55-də körpə uşağımı görmək ücün yoldaşımın anası ilə birlikdə yaşadıqları ünvana getdim. Körpə uşağımı qucağımda oynadarkən Validəyə “hər dəfə sən kimlərləsə harasa gedirsən, hər dəfə məni şərləyirsən” - sözlərini dedim. Bildirdim ki, sənə nə dəxli var, kimlə, hara gedirəm. Bu zəmində aramızda mübahisə düşdü. Mübahisə zamanı qucağımda olan körpə uşağımı divanın üzərinə qoyanda həyat yoldaşım uşağın oyuncağını mənə atdı. Üstümə hansısa küt alətlə gələndə yumruqla onun burun, baş və alın nahiyyələrindən vurdum. Həmin zaman qayınanam aramıza girdi və atdığım zərbə qayınanamın kürəyinə dəydi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra onlar onu evdən bayıra çıxarıblar: “Bir qədər keçmiş həyətdə olanda onların körpə uşaqla birlikdə həyətə düşdüklərini gördüm. Onlara yaxınlaşaraq hara getdiklərini soruşdum. Yenidən aramızda mübahisə düşdü və nəticədə oradan uzaqlaşaraq getdik”.
Cəlil qeyd etdi ki, həmin mübahisə zamanı körpə uşağını vurmayıb və yerə çırpmayıb. O, əməlindən peşman olduğunu söyləyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Validənin sözlərinə görə, Cəlil ilə birgə yaşadıqları müddətdə bir neçə dəfə onu döyüb: “Mən isə ondan bir necə dəfə polisə şikayət etmişəm. Artıq onunla birgə yaşamaq mümkün olmadığından 2020-ci ilin iyunun 1-də ayrıldıq və öz cehizlərimi birgə yaşadığım ünvandan çıxardaraq hazırkı yaşadığım ünvana gətirdim. Sentyabrın 2-də, saat 15.55-də körpə uşağım və anam ilə evdə olan zaman qapı döyüldü. Mən uşağa yemək verirdim. Anam qapını açanda Cəlil içəri girdi. Bildirdi ki, sən mənə şər atırsan, mənim başımı xarab edirsən, məni əsəbləşdirirsən. Onunla mübahisə etməyə başladıq. Cəlil körpə uşağım qucağımda ola-ola yumruq zərbələri ilə alnımdan, burnumdan, başımdan, sağ qolumdan vurmağa, sinəmi cırmaqlamağa başladı. Bundan sonra məni vurmağa davam edəndə anam araya girdi və onun atdığı yumruq zərbəsi anamın kürəyinə dəydi. Sonra bir təhər onu evdən bayıra çıxartdıq. Anam 102 Xidmətinin zəng mərkəzi sisteminə zəng etdi, Cəlilin məni döyməsi barədə məlumat verdi. Bundan sonra polisə getmək ücün körpə uşağım və anamla evdən çıxdıq. Həyətə düşəndə orada Cəlil bizə yaxınlaşdı, ünvanımıza nalayiq söyüşlər söydü”.
Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində hakim Rövşən Xəlilovun sədrliyi ilə baxılıb.
Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxslə zərərçəkmişin barışmasını nəzərə alıb.
Bu səbəbdən Cəlilin barəsində olan cinayət təqibinə xitam verilib.