Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə ilkin baxış iclası keçirilib.
SÜLH.İNFO.az xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə baş tutan açıq məhkəmə iclasına media nümayəndələri buraxılmayıb.
Sumqayıt Məhkəmə Kompleksinin binasında baş tutan iclasdan öncə polis əməkdaşları məhkəmə sədrinin göstərişi ilə jurnalistlərin prosesə girməsinə qadağa qoyulduğunu bildiriblər.
Məlumata görə, Kompleksin inzibati işlərinə həmin binada yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev rəhbərlik edir.
Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşını döyməsinə görəcinayət işi başlanılıb.
İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilir.