Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
SÜLH.İNFO.AZ xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənov ifadə verib.
O bildirib ki, ötən ilin sentyabr ayının əvvəlində A.Abdullayev qəsəbə ərazisində daşınmayan məişət tullantıları ilə bağlı çəkiliş edib: "Dərhal həmin əraziyə getdim. Çəkiliş edəndə bir az mübahisəmiz oldu. Dedim ki, Masazırda 100 minə yaxın insan yaşayır, istismar müddəti də bitmiş 4 texnika var. Bu da məişət tullantıların daşınmasını çatdırmır. Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi. Çəkilişlərdə tez-tez rayon rəhbərliyinin adını hallandırırdı. O, məndən müəyyən məbləğdə pul istədi. Söylədim ki, maaşa baxan adamam. Mənim gücüm ancaq ona çatırdı ki, bir quzu kəsdirim, onu da aparsın balalarına versin. Ona razılaşmadı.
Sonra məndən 10 min manat pul istədi, razılaşmadım. Daha sonra 6 min manat tələb etdi. Təbii ki, mən yenə də razılaşmadım və məcbur olub bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Mən Ataya 6 min manat pul verməmişəm".
Daha sonra prosesdə Ş.Həsənovun məhkəməyə təqdim etdiyi ərizə elan olunub. Ərizədə göstərilir ki, məmurun şikayət və tələbi var. O deyib ki, cəza məsələsini məhkəmənin səlahiyyətinə buraxır: "Növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcəm. Çünki səhhətimdə ciddi problem var".
Eyni zamanda, ölkə xaricində olan Ziya Məmmədovun məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin edilib.