​"İrəvanla Moskvanın müzakirə edəcəyi ciddi məsələlər var" - Politoloq

​
16:26 23.11.2022
151 Siyasət
A- A+

“Son aylar KTMT-nin iclasları çərçivəsində Rusiya rəsmilərinin, xüsusilə Rusiya siyasi elitasının, ölkə rəhbərliyinin Ermənistana səfərləri artıb. Bunun da məntiqi izahı ondan ibarətdir ki, Ermənistanın KTMT-də sədr dönəmliyidir. Buna görə də, bir çox səfərlər təşkil olunur və iclaslar keçirilirdi”.

Sulh.info.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin İrəvana səfəri ilə bağlı saytımıza açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib:

“Məntiqi izahı bu olsa da, intensivləşən görüşlər rəsmi İrəvanla Moskva arasındakı narahatlıqların aradan qaldırılması istiqamətində bir yanaşmalar ortaya qoyur. Məsələ ondadır ki, son zamanlar Ermənistanın ənənəvi Rusiya siyasətinə münasibətində müəyyən dəyişikliklərin elementləri izlənməkdədir. Bu dəyişikliklərdə isə Rusiyanın ürəyincə olmayan məqamlar var. Düzdür, qəti olaraq iddia oluna bilməz ki, Ermənistanın Rusiyaya qarşı münasibəti tam dəyişib. Amma ümumilikdə fərqli bir yanaşma formlaşdırır.

Sərhəddə döyüş vəziyyəti dəyişə bilərmi? Bu suala cavab vermək üçün KTMT-nin bundan öncəki iclasları ərəfəsi sərhəddəki gərginlikləri yada salamaq lazımdır. Diqqət çəkən məqam İrəvana səfər edən Rusiya nümayəndə heyətinin bu dəfəki tərkibidir. Daha öncə KTMT-dəki Rusiya rəsmiləri, KTMT-nin baş katibi və s. iştirak edirdi. Yəni hərbi təsisatla bağlı rəsmilər də səfər edirdi. Bu dəfəki səfərdə prezidentlə bərabər həm də Təhlükəsizlik Şurasının rəhbəri də səfər edir. Bu o deməkdir ki, ortada İrəvanla Moskvanın müzakirə edəcəyi ciddi məsələlər var. Bu məsələlər iki ölkə arasındakı münasibətlə yanaşı, həm də regional kontekstdədir.

Bu hansı məsələlər ola bilər? Bu İranla münasibətlər, regionda Ermənistandan istifadə edərək, proseslərə cəlb olunmağa çalışan kənar qüvvələr və s. ola bilər. Yəni Ermənistan hakimiyyətinin bu mərhələ üçün Rusiyaya hesabat verməli olduğu şərtlər var. Rusiya bu suallara cavab istəyir”. 

Politoloq bildirib ki, Ermənistan hər zaman sərhəddə sabitliyi pozmağa çalışıb və bu gün də bunu etməkdə məqsədi KTMT-ni proseslərə cəlb etməkdir:

“Döyüş gərginliyi ilə bağlı onu qeyd etmək lazımdır ki, KTMT iclasları ərəfəsində həmişə Ermənistan sərhəddə gərginlik formalaşdırıb və sabitliyi pozub. Sərhədi pozmaqda da əsas məqsəd KTMT-ni proseslərə cəlb etməyə çalışmasıdır. Biz 44 günlük Vətən müharibəsi günlərində də bu proseslərin şahidi olurduq. Onlar bizi Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tuturdular. Məqsəd isə bizim də onlara cavab olaraq müdaxilə etməyə başlamağımız idi. Bununla göstərmək istəyirdilər ki, güya Azərbaycan Ermənistanın ərazisinə müdaxilə edib. Həmin zaman üçün əslində Azərbaycanın legitim əsasları var idi. Çünki Azərbaycanın özünün legitim əsasları var və bu əsaslar isə bizim təhlükəsizliyimizə hədə olan ocaqların söndürülməsi üçün cəhdlərimizdir.

Buferzona adlanan bir yanaşma var. Bu yanaşma ümumilikdə, bütün dünyada sərhədlərin təhlükəsizliyi üçün tətbiq olunan addımlardır və biz bunu edə bilərdik. Amma etmədik. Çünki biz bilirdik ki, bu hadisələr hansı gedişlərə hesablanıb. Dünən və bu gün səhər saatlarında sərhəd boyu ərazilərimizin atəşə tutulması da ona xidmət edir. Ermənistan sərhəd gərginliyi yaratmaqla göstərməyə çalışır ki, güya Azərbaycandan qaynaqlanır”.

Fidan Ali / Sulh.info.az