“Azercell” növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görülüb
Fəaliyyət dövrü ərzində tətbiq etdiyi şəffaflıq strategiyasının nəticəsi olaraq ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatı ilə təltif olunub. ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin “Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri” şirkətinin keçirdiyi sertifikatlaşdırma auditi “Azercell”in antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib.
Artıq bir neçə ildir ki, “Azercell” xüsusi antikorrupsiya proqramını icra edir. Proqram şirkətin bütün fəaliyyət istiqamətləri üzrə korrupsiyanın qarşısının alınmasına xidmət etməklə yanaşı, həmçinin etik davranışın təbliğini, bu yöndə əməkdaşlar üçün təlimlərin təşkilini nəzərdə tutur. Qeyd olunan standartların tələblərinə maliyyə və qeyri-maliyyə nəzarətinin tətbiqi, korrupsiya halları barədə məlumat verilməsi üçün kanalların yaradılması, pozuntu hallarının araşdırılması, əməkdaşlıq edilən biznes subyektlərinin uyğunluq yoxlamasından keçirilməsi, həmin subyektlərdə korrupsiya riskinin azaldılması üzrə tədbirlərin görülməsi və sair aiddir.
Sertifikatı təhvil alan “Azercell”in Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyeva şirkətdə antikorrupsiyaya dair proseduralara ciddi riayət edildiyini vurğulayıb: “Şirkətimizdə korrupsiyanın qarşısının alınması istiqamətində görülən tədbirlərin detallı dəyərləndirilməsi “Azercell”in beynəlxalq müstəvidə etibarlı və yüksək korporativ mədəniyyətə malik olan bir şirkət olduğunu sübut edir. Xatırladım ki, ötən il şirkətimiz Azərbaycanda bu sertifikatı əldə edən ilk mobil operator oldu və bu il sertifikatı təsdiqləmək üçün yenidən beynəlxalq ekspertlərin apardığı daxili yoxlamanın bütün mərhələlərindən uğurla keçərək yeni sertifikatla təltif edildi”.
Qeyd edək ki, ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilib və korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab olunur.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 94,25 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 98,73 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda, “Beynəlxalq Biznes STEVIE Mükafatları”nın “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.