Oktyabrın 28-də 2023-ci ilin ikinci Ay tutulması baş verəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu, qismən Ay tutulması olacaq.
Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.
2023-cü ilin ikinci qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.