​Bakı - Sumqayıt yoluna çəkilən avtobus zolağı sıxlığı azaldacaq?

​Bakı - Sumqayıt yoluna çəkilən avtobus zolağı sıxlığı azaldacaq?
12:22 09.10.2023
136 Toplum
A- A+

Bakı-Sumqayıt istiqaməti üzrə yola avtobus zolağı çəkilib. Bəs, Bakı-Sumqayıt yolunda çəkilən avtobus zolağı sıxlığı azaldacaq?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Bakı - Sumqayıt şosesində avtobus zolağının çəkilməsi müsbət addımdır.

"Ancaq sərt nəzarət lazımdır. Bu zolağa girmənin cəzası 40 manat deyil, daha artıq olmalıdır. İlkin olaraq Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinədək avtobus zolağı 20 Yanvar metrosunadək uzadılsa daha effektiv olacaq. Bu insanların ictimai nəqliyyata köklənməsinə daha da kömək edəcək. İllərdir ki, həmin yol genişləndirilirdi. Lakin yolun genişləndirilməsi həmin yolda tıxacın azalmasına səbəb olmadı", - deyə ekspert əlavə edib.

O qeyd edib ki, tıxacın həllinin ilkin mərhələsi ictimai nəqliyyatın üstünlüyüdür.

"Avtovağzal yaxınlığında "park et və get" təşkil olunmalıdır. Nəzərə almalıyıq ki, avtovağzal həm də qovşağdır. Burdan həm şəhərdaxili, həm də rayonlara gedən avtobuslar işləyir ki, bunun da əlaqələndirilməsi vacibdir. Biləcəri Stansiyasını da əlaqələndirmək olar. Belə ki, Biləcəri dairəsi ilə "Avtovağzal" metrostansiyası arasında piyada hərəkətində ciddi problemlər var. Ümumiyyətlə bu məsələlər kompleks həll olunmalıdır", - deyə o, vurğulayıb.

Yerüstü Nəqliyyat Agentliyinin isə yaydığı məlumatda qeyd olunurdu ki, Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinədək) avtobus zolağı təşkil edilir.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılır.

Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə avtobuslar keçir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.