"Beynəlxalq hüquqa görə, əgər vətəndaş hər hansı bir müharibə şəraitində bölgəni tərk edirsə, dövlət onun hüquqlarını qorumalıdır".
Sulh.info.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Cümşüd Nuriyev deyib.
O, Qarabağın dağlıq hissəsindən könüllü əsaslarla getmiş ermənilərin gələcəkdə qayıtması ehtimalı, onlara məxsus əmlakın qorunması ehtimalı, eləcə də "etnik təmizləmə" ittihamları ilə üz-üzə qalmamaq üçün bölgəyə köçün həyata keçirilməməsindən söz açıb.
C. Nuriyevə görə, sosial şəbəkə istifadəçilərinin bir hissəsi Azərbaycanı ittiham etmək üçün girəvə axtarır:
"Hadrut 3 ildir ki, azad olunub, amma ermənilərin oraya qayıtma ehtimalına görə evlər hələ də boş qalıb, yerli azərbaycanlıları köçürməyiblər. Bu, Azərbaycanın özünə, imzasına hörmət etməsi deməkdir. 10 noyabr 2020-ci il bəyanatında göstərilir ki, məhz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən çıxanlar məcburi köçkün kimi geri dönə bilər.
Qarabağdan olanlar hazırda ocaqlarına qayıdır, amma başqa yerlərdən olanları Qarabağa göndərmək çox böyük bir səhvdir. Bunu 90-cı illərdə yaşadıq. Gələnlər daha sonra fərqli-fərqli "oyunlar"dan çıxdılar.
Dövlətin tutduğu mövqe düzgündür. Sosial şəbəkələrlə yanaşı, media da bunu təbliğ edib dəstəkləməlidir.
Əgər iqtidarı tənqid etmək istəyirlərsə, başqa şey tapsınlar. Azərbaycan etnik təmizləmə ittihamlarından yayınmaq üçün bir müddət Qarabağın dağlıq hissəsində köç aparmamalıdır.
Konstitusiyada mülkiyyət hüququ var. Erməni də olsa, bu, onun mülküdür. Hətta cani olsa da belə, Azərbaycan hökuməti bu şəxslərin mülkiyyət hüququnu tanıyır. Bu, Konstitusiyanın 29-cu maddəsində əksini tapıb".